Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazanıblar

Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazanıblar



İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. İlk yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz 4 - 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Yarışda 42 kq çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. 

Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib. Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb.
Avropa çempionatında 50 kq çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə və Vüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Güləşçimiz Daur Psardia (58 kq) Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan D.Psardia Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimizin rəqibi Türkiyə idmançısı olacaq.

Yarışda 69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə güləşçilərimiz bir-biri ilə qarşılaşacaq.
İkinci yarış günündə 46 kq, 54 kq, 63 kq, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışırlar.

Avropa çempionatına iyulun 24-də yekun vurulacaq.