Sərbəst güləş üzrə millimiz Avropa çempionatının gümüş medalını qazanıb

Sərbəst güləş üzrə millimiz Avropa çempionatının gümüş medalını qazanıb



İsveçin paytaxtı Stokholmda yeniyetmələrin Avropa çempionatı davam edir.

Çempionata iyulun 19-da start verilib. Yarışın ilk iki günündə mübarizəyə qoşulan sərbəst güləş üzrə komandamız çempionatı ikinci yerdə başa vurub. Yığma komandamızın üzvləri ümumilikdə 11 - 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 4 (1 qızıl, 1 gümüş və 2 bürünc), ikinci gündə isə 7 (2 gümüş və 5 bürünc) medala sahib olublar.

Qızıl medalı yığma komandamıza Mahir Məmmədzadə (42 kq) qazandırıb. Maqomedsalix Abakarov (42 kq), Djopua İnal (63 kq) və Rəşad Yusifli (76 kq) final görüşündə uduzaraq gümüş medala yiyələniblər. Bürünc medalları isə Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə (50 kq), Sabutay Əmişov (54 kq), Qadjimurad Qadjiyev (63 kq), Abubakr Abakarov (69 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) qazanıb.

İlk yarış günündə çəki dərəcəsində mübarizə aparan Mahir Məmmədzadə (42 kq) Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib və çempionatın qızıl medalına yiyələnib. 42 çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Maqomedsalix Abakarov isə yalnız finalda uduzaraq gümüş medalla yarışı başa vurub.

İntiqam Vəlizadə (50 kq) yarımfinala qədər inamla güləşib. Güləşçimiz Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. O, bürünc medal uğrunda görüşdə ermənistanlı rəqibini məğlub edərək çempionatın bürünc medalını qazanıb.
Yarışda 69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Bu qarşılaşmada onun qəribi digər sərbəst güləşçimiz Abdulmuslim Məmmədov olub. Abubakr Abakarov yarışdan qalib ayrılıb.
İkinci yarış günündə 46 kq, 54 kq, 63 kq, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıblar. Djopua İnal (63 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Moldova və Ukrayna güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda komanda yoldaşı Qadjimurad Qadjiyevi də məğlub edib. Qadjimurad Qadjiyev isə yarımfinala qədər Rusiya, Almaniya və Türkiyədən olan rəqiblərini üstələyib. Djopua İnal finalda, Qadjimurad Qadjiyev isə bürünc medal uğrunda görüşə çıxıb. Finalda uduzan Djopua İnal gümüş medalla kifayətlənib, Qadjimurad Qadjiyev isə bürünc medal qazanıb.
Güləşçimiz Rəşad Yusifli (76 kq) ardıcıl olaraq Belarus, Ukrayna, Rusiya və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşan güləşçimiz görüşü məğlub başa vurub və gümüş medala yiyələnib.

Əsgər Məmmədəliyev (46 kq) Ukrayna və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Bürünc medal uğrunda güləşçimiz daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Yüksək əzmkarlıq göstərən Əsgər son saniyədə qazandığı xalla hesabı bərabərləşdirərək görüşü qalib başa vurub və çempionatın bürünc medalını qazanıb.

54 kq çəki dərəcəsində yarışan Sabutay Əmişov da bürünc medal uğrunda görüşə haqq qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan güləşçimiz Moldova və Ukrayna təmsilçilərini üstələyib. Ancaq 1/4 finalda Yunanıstan təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Sabutay komanda yoldaşı Maqomedqadji Kasumovu da mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Gürcüstan təmsilçisini də üstələyən Sabutay çempionatın bürünc medalına sahib olub.
100 kq çəkidə yarışan iki güləşçimiz yarımfinalda uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Əli Əminzadə yarımfinala qədər Gürcüstan və Yunanıstan, Asxab Həmzətov isə Almaniya və Bolqarıstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Əli Türkiyə, Asxab isə Rusiyadan olan rəqibinə məğlub olub. Həlledici görüşdə güləşçilərimiz Ermənistan və Rusiyadan olan idmançılarla qarşılaşıb. Hər iki güləşçimiz rəqiblərini məğlub edib və çempionatın bürünc medalına sahib olub.

Avropa çempionatına iyulun 24-də yekun vurulacaq.



Səadət