İyulun 22-24-də Bakıda bədii gimnastika üzrə FİG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı keçirilir.
"Olimpnews.az” xəbər verir ki, Bakı sakinləri Rio-2016 Yay Olimpiya Oyunlarından iki həftə əvvəl 3 gün ərzində dünyanın məşhur gimnastlarının çıxışlarını izləmək imkanı əldə edəcəklər. Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Dünya Kubokunun finalında Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, "Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyacaqlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparacaqlar.
Yarışların ilk iki günündə 26 gimnast və 9 qrup hərəkətləri komandası çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaq. Kubokun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri təşkil olunacaq.
Bu il Dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandıracaqlar.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert gözləyir.