İyulun 22-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya kubokunun finalına start verilib.
"Olimpnews.az” xəbər verir ki, yarışda halqa və topla təsnifat yarışları başa çatıb. İlk səkkiz pillədə qərarlaşan gimnastlar finala yüksəliblər.
Topla yarışda rusiyalı Marqarita Mamun 19.050 xalla birinci olub. Onun komanda yoldaşları Aleksandra Soldatova (19.000 xal) ikinci, Yana Kudryavtseva (18.900 xal) üçüncü yerdə qərarlaşıb.
Azərbaycanı Rio-2016 Yay Olimpiadasında təmdil edəcək gimnastımız Marina Durunda 18.450 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.200 xalla on üçüncü pillədə qərarlaşıb və finala vəsiqə qazana bilməyib.
Halqa ilə yarışların təsnifat mərhələsində də rusiyalı gimnastlar ilk üçlükdə yer alıblar. Yana Kudryatseva (19.400 xal) birinci, Marqarita Mamun (19.350 xal) ikinci, Aleksandra Soldatova (18.950 xal) üçüncü olublar.
Bu alət üzrə yarışda Jalə Piriyeva 17.550 xalla ehtiyat oyunçu kimi finala yüksəlib. Marina Durunda isə 16.550 xalla iyirmi birinci pillədə qərarlaşıb.
Beləliklə, iki hərəkətin cəminə görə, çoxnövçülük yarışlarında Rusiya təmsilçiləri liderdirlər. Hesabında 38.400 xal olan Marqarita Mamun birincidir. Yana Kudryatseva 38.300 xalla ikinci, Aleksandra Soldatova isə 37.950 xalla üçüncüdür. Marina Durunda 35.000 xalla onuncu, Jalə Piriyeva 34.750 xalla on ikinci yerdədir.