Bədii gimnastika üzrə Dünya kubokunun açılış mərasimi keçirilib

Bədii gimnastika üzrə Dünya kubokunun açılış mərasimi keçirilib





İyulun 22-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub.

"Olimpnews.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib, komandalar təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.
Nazir vurğulayıb ki, mötəbər yarışda 17 ölkədən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmiz irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları mötəbər tədbirlərin təşkilini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər.

Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın salamlarını və xoş arzularını çatdıran nazir kubok iştirakçılarına uğurlar diləyib.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib və gimnastların iştirakı ilə əyləncəli proqram təqdim olunub. Proqramda rəqs hərəkətlərinin gimnastika ilə vəhdəti müxtəlif formalarda tamaşaçılara təqdim olunub.
Xatırladaq ki, üç gün davam edəcək yarışda 17 ölkədən 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparır.