Qrup hərəkətləri komandamız finala yüksəlib

Qrup hərəkətləri komandamız finala yüksəlib




İyulun 22-dən 24-dək Bakıda bədii gimnastika üzrə FİG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı keçirilir.

"Olimpnews.az” xəbər verir ki, Dünya лubokunun finalında Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, Rio-2016 Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparırlar.

Bu günün nəticələrinə görə, halqa və topla təsnifat yarışlarında Marina Durunda 18.450 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.200 xalla on üçüncü pillədə qərarlaşıb və finala vəsiqə qazana bilməyib.

Beş lentlə qrup hərəkətləri yarışlarında isə Azərbaycan komandası 16.500 xalla səkkizinci olub və finala vəsiqə qazanıb. Rusiya millisi 18.800 xalla birinci, İsrail komandası 18.350 xalla ikinci, İtaliya kollektivi isə 18.150 xalla üçüncü olub.

3 gün davam edəcək yarışda 17 ölkədən 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparır.