Marina Durunda lentlərlə hərəkətlərdə finala çıxıb

Marina Durunda lentlərlə hərəkətlərdə finala çıxıb



Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya kuboku yarışlarının ikinci gününün nəticələri bəlli olub.

"Olimpnews.az” xəbər verir ki, yarışın ikinci günündə gimnastlar gürzlər və lentlə fərdi proqram üzrə çıxış ediblər. Bu proqram üzrə yarışlarda Azərbaycanın idman şərəfini ilk I Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyublar.

Lentlə yarışda Rusiya idmançıları ilk üç pillədə qərarlaşıblar. Marqarita Mamun 19.350 xalla birinci, Yana Kudryavtseva 19.300 xalla ikinci, Aleksandra Soldatova 19.000 xalla üçüncü olublar.

Gimnastımız Marina Durunda 18.500 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.350 xalla 14-cü pillədə qərarlaşıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.

Gürzlərlə yarışlarda da rusiyalı gimnastların üstünlük nümayiş etdiriblər. Yana Kudryavtseva (19.450 xal) birinci, Marqarita Mamun (19.400 xal) ikinci, Aleksandra Soldatova (18.900 xal) üçüncü olublar.
Azərbaycan gimnastları gürzlə yarışlarda finala vəsiqə qazana bilməyiblər. Belə ki, Marina Durunda 13-cü, Jalə Piriyeva isə 18-ci olub.

Çoxnövçülük üzrə yarışın qalibləri müəyyənləşib. Dörd hərəkətin cəmində medallar rusiyalı gimnastlara qismət olub. Hesabında 77.150 xal olan Marqarita Mamun qızıl medala sahib olub. Yana Kudryavtseva 77.050 xalla gümüş, Aleksandra Soldatova 75.850 xalla bürünc medal qazanıblar.
Çoxnövçülük üzrə yarışda Marina Durunda 10-cu, Jalə Piriyeva isə 14-cü pillədə qərarlaşıb.

Yarışlara sabah yekun vurulacaq.