İyulun 23-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya kuboku yarışlarının ikinci gününə yekun vurulub. Rusiyalı gimnastlar xüsusi üstünlük nümayiş etdiriblər.
"Olimpnews.az” xəbər verir ki, 17 ölkədən məşhur gimnastların mübarizə apardığı yarışın ikinci günündə gürz və lentlə fərdi proqramda və çoxnövçülükdə qaliblər müəyyənləşib.
Günün sonunda qrup hərəkətləri yarışında gimnastlar 3 gürz və 2 halqa ilə mübarizəyə qoşulublar. Qrup hərəkətləri yarışlarında ölkəmizi Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep təmsil ediblər.
Qrup komandamız 17.650 xalla yeddinci olub və finala adlayıb. İlk üçlükdə isə Rusiya (18.850 xal), İtaliya (18.550 xal), İsrail komandası (18.450 xal) yer alıblar.
İki günün nəticəsinə görə, qrup komandalarının yarışında Rusiya millisi 37.650 xalla qızıl medala sahib olub. İsrail yığması 36.800 xalla gümüş, İtaliya komandası 36.700 xalla bürünc medal qazanıblar.
Dünya kuboku yarışlarında ötən mərhələlərində uğurla çıxış etmiş rusiyalı atlet Marqarita Mamun Beynəlxalq Gimnastika Federasiyasının (FİG), onun komanda yoldaşı Yana Kudryavtseva Azərbaycan Gimnastika Federasiyasının (AGF) xüsusi kuboklarına sahib olublar. Rusiyanın qrup komandası isə FİG və AGF-nin xüsusi kubokunu qazanıb.