Dünya kubokunun final yarışları keçirilir

Dünya kubokunun final yarışları keçirilir



İyulun 22-dən 24-dək Bakıda bədii gimnastika üzrə FİG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı keçirilir. Yarışlarda 17 ölkədən 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparır.

"Olimpnews.az” xəbər verir ki, Dünya kubokunun finalında Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, Rio-2016 Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparırlar.

Yarışın sonuncu – üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışında qüvvələrini sınayırlar. 

Bədii gimnastlar əvvəlcə öz aralarında halqa və topla hərəkətlərdə ən güclünü müəyyənləşdirəcəklər. Daha sonra gürz və lentlə fərdi proqram üzrə çıxış edəcəklər.

Qrup hərəkətləri komandaları isə 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparacaqlar.

Yarışlara bu gün yekun vurulacaq.