Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda lentlə hərəkətlərdə bürünc medal qazanan Marina Durunda bizi çox sevindirdi.
"Olimpnews.az” xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
O bildirib ki, Azərbaycan Gimnastika Federasiyası artıq uzun illərdir müxtəlif miqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. "Düşünürəm ki, daha iri yarışları keçirmək iqtidarındayıq və öhdəsindən layiqincə gələ bilərik. Bakı hər zaman yarışlar keçirməyə və qonaqları qəbul etməyə hazırdır. Əsas odur ki, bizə insanlar idman xətti ilə, o cümlədən gimnastika yarışlarında iştirak etmək üçün gəlirlər. Görürəm ki, insanlar buradan dost kimi və yaxşı təəssüratlarla ayrılırlar”.
Altay Həsənov vurğulayıb ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku Rio-2016 Yay Olimpiya Oyunlarından əvvəl son yarışlardır. Bu mərhələnin üstünlüyü ondadır ki, idmançılar öz güclərini sınayırlar.
Azərbaycanın idman ölkələri arasında ilk sıralarda olduğunu bildirən Altay Həsənov deyib: "Bunu ölkəmizdə keçirilən idman tədbirləri də göstərir. İnanıram ki, gün gələcək, biz futbol üzrə dünya çempionatını, Olimpiya Oyunlarını keçirəcəyik, çünki Azərbaycan artıq buna hazırdır və layiqdir”.