Dünya Güləş Birliyi (DGB) Rio-2016 Olimpiadasından əvvəl güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.
"Olimpnews.az" xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma pəhləvanlarımızdan sə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.
İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıblar.
Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.
Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 14-dən 21-dək keçiriləcək. Güləş yığmamız olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.