“Four Seasons” hotelində mətbuat konfransı oldu

“Four Seasons” hotelində mətbuat konfransı oldu



Aprelin 25-də "Four Seasons” hotelində "Procter&Gamble” şirkəti və Milli Olimpiya Komitəsi (MOK) arasında 1 illik tərəfdaşlığın nəticələrinə və gələcək planlara həsr edilmiş mətbuat konfransı keçirildi. Konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Procter&Gamble” şirkətinin Qafqaz ölkələri üzrə direktoru Tayqun Günay, şirkətin xarici əlaqələr üzrə meneceri Səkinə İbrahimova, idman ictimaiyyəti və media nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, 2012-ci ildə MOK və "Procter & Gamble” arasında imzalanmış "Məğrur Tərəfdaş” sazişi çərçivəsində həyata keçirilən əməkdaşlığa "Olimpiya yolu yürüşü”, "İdman yay düşərgəsi”, "Anaların 2012-ci il London Olimpiya Oyunlarına göndərilməsi mərasimi” kimi maraqlı və tarixi layihələr daxildir. Mətbuat konfransında qeyd olundu ki, bu layihələr içərisində ən əlamətdarı Beynəlxalq Olimpiya Gününün ölkəmizdə Olimpiya bayramı formasında qeyd olunmasına həsr edilmiş Olimpiya yol yürüşü olub. Silsilə və kampaniya xarakterli bu yürüş Azərbaycanının 9 rayon və şəhərini (Şamaxı, İsmayıllı, Göyçay, Yevlax, Mingəçevir, Qəbələ, Ağdaş, Kürdəmir və Gəncə) əhatə edib. Bu yürüşü əlamətdar və tarixi edən digər bir məqam da onun Milli Olimpiya Komitəsinin 20 illik yubileyi ilə üst-üstə düşməsi idi. 1 həftəlik silsilə tədbirlər zamanı əhali arasında Olimpiya Hərəkatı və Olimpiya dəyərləri haqda geniş təbliğat və təşviqat işləri aparılıb. Həyata keçirilən tədbirlərdən təkcə idmançılar deyil, onların anaları da faydalanıblar. Məsələn, ağır atletika üzrə Azərbaycanı London 2012-ci il Olimpiya oyunlarında təmsil etmiş İntiqam Zairovun anası da şirkətin hesabına bu oyunları izləyib. Mətbuat konfransında bildirildi ki, Mingəçevir "Kür” Olimpiya İdman Kompleksində həyata keçirilən maraqlı və faydalı tədbirlərdən biri də kompleksdə yay idman düşərgəsinin salınmasıdır. Bu düşərgədə 10 yaşından 16 yaşına qədər 50 uşaq istirahət edib.
Tərəfdaşlıq müqaviləsi ilə bağlı ətraflı məlumat verildikdən sonra qonaqlar jurnalistlərin suallarını cavablandırdılar.