Rəsul Çunayev bürünc uğrunda yarışacaq

Rəsul Çunayev bürünc uğrunda yarışacaq



Rio-2016 Yay Olimpiya Oyunlarında yarışlar davam edir.

Yunan-Roma üzrə Azərbaycanı Braziliyada təmsil edən Rəsul Çunayev finala gedən yolda ermənistanlı rəqibi Miqran Arutyunyana uduzub.

"Olimpnews.az” xəbər verir ki, ilk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqibin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Buna qədər isə güləşçimiz ¼ final mərhələsində əlcəzairli idmançı Tarek Aziz Benaissanı və 1/8 final mərhələsində rusiyalı rəqibi Pekin-2008 Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.

Xatırladaq ki, Azərbaycan Olimpiya yığması Rio-2016 Oyunlarında indiyədək 5 – 2 gümüş və 3 bürünc medal əldə edib.
Medalları ölkəmizə cüdoçular Rüstəm Orucov və Elmar Qasımov (hər ikisi gümüş medal), boksçu Kamran Şahsuvarlı (bürünc medal), güləşçi Sabah Şəriəti (bürünc medal) və kayakçı İnna Osipenko-Radomskaya (bürünc) qazandırıb.