“Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"

“Olimpiya Oyunlarının finalında çıxış etmək böyük şərəfdir"



Azərbaycanın Gimnastika Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin rəhbərlikləri gimnastımız Marina Durundanın Rio-2016-da çıxışını yüksək qiymətləndiriblər.

"Olimpnews.az” Trend.az-a istinadən xəbər verir ki, bunu gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib. "Federasiyamızın rəhbərliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəhbərliyi bizi təbrik etdilər və çıxışımızdan razı qaldıqlarını bildirdilər. Digər ölkələrin nümayəndələrinin də Marinanın olimpiadada yüksək səviyyəli çıxış etdiyini qeyd etmələri xüsusilə xoş oldu. Biz təslim olmayacağıq və irəliyə doğru addımlayacağıq".

Baş məşqçi M. Durundanın çıxışından razı qaldığını deyib və hesab edir ki, bu uğur Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarında yaxşı nəticənin əldə olunması üçün təkan olacaq.

M. Vasileva əlavə edib: "Prinsipcə, Marina ondan tələb olunan tapşırıqları yerinə yetirdi, hətta artıqlaması ilə. İlk iki hərəkətdən sonra verilən qiymət gözlədiyimizdən aşağı oldu və biz finala yüksələ bilməyəcəyimizi anladıq. Amma şükür Allaha ki, Marinaya və hamımıza güc verdi. Braziliyalı tamaşaçılara və bizi dəstəkləyən hamıya təşəkkürlər! Bir çoxları 20 gün ərzində bizim məşqlərimizi izlədi və finalçılar arasında olmağa layiq olduğumuzu gördülər. Marina bütün dörd hərəkəti səhvsiz yerinə yetirdi və bu nəticə ona finala çıxmağa kömək etdi, finalda isə ondan daha yaxşı çıxış tələb olunurdu və o bunu etdi. Mən ondan çox razıyam və hesab edirəm ki, bu onun üçün Tokio-2020 yolunda tramplin olacaq".

Bədii gimnastika yarışlarında 9-cu pillədə qərarlaşan Marina Durunda isə Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışından razı qaldığını dilə gətirib. "Təsnifatda ilk iki hərəkətin nəticəsi yaxşı deyil idi və mən artıq xalçaya sonuncu dəfə kimi çıxırdım. Mənə görə Azərbaycanı Olimpiadada layiqli təmsil etmək çox vacib idi, biz sona qədər inanırdıq ki, finala vəsiqə qazanacayıq və belədə oldu.

Gimnast qeyd edib ki, onun üçün başlıca məqsədi 2020-ci ildə Tokioda keçiriləcək növbəti Olimpiadaya hazırlıq olacaq: "Qarşıda bizi yeni Olimpiya mərhələsi gözləyir, biz də məşq edib və çalışacağıq ki, artıq Tokioda medallara iddia edə bilək ", - Azərbaycan gimnastı dedi.

Qeyd edək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında ökləmizi təmsil edən idmançılar dünən Vətənə qayıdıblar.