Ölkəmizdə istənilən idman növü üzrə yarışlar keçirmək mümkündür

Ölkəmizdə istənilən idman növü üzrə yarışlar keçirmək mümkündür

Azərbaycan bir çox beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir. Tarixdə ilk dəfə keçirilən Bakı-2015 Avropa Oyunları bütün dünyaya səs saldı. Formula-1 Avropa Qran-prisinin mərhələ yarışlarına ev sahibliyi etməklə Azərbaycan sübut etdi ki, burada istənilən idman növü üzrə yarışlar keçirmək mümkündür.
Bu gün Bakıda daha bir mötəbər idman tədbirinə start verilib. Söhbət 42-ci Ümumdünya Şahmat Olimpiadasından gedir. Dünyanın ən böyük şahmat yarışında 180-nə yaxın komanda yarışır. Həmin komandalar arasında ölkəmiz 6 komanda (3 kişi və 3 qadın) ilə təmsil olunur.

Azərbaycan bu ali idman yarışında ümumilikdə 30 idmançı ilə (15 kişi, 15 qadın) üç heyətlə mübarizə aparacaq. Kişilərdən ibarət birinci komandamızın tərkibində yer alan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Arkadi Naydiç dünyanın ən reytinqli şahmatçıları sırasındadırlar.

Bu cür güclü şahmatçılarla iki dəfə Avropa çempionu olmuş komandamızdan böyük nəticələr gözləyirik. İnanırıq ki, doğma azarkeşlər önündə komandalarımız onlara bəslənilən ümidləri doğruldacaqlar.

Məlumat üçun bildirək ki, yaxın illərdə Azərbaycan digər növlər üzrə də mötəbər yarışlara ev sahibliyi edəcək. Belə ki, gələn il Azərbaycanda 4-cü İslam Həmrəylik Oyunları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı təşkil olunacaq. İki il sonra isə futbol üzrə Avropa çempionatının dörd qarşılaşmasının tamaşaçısı olacağıq.

Bütün bu yarışlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.
Uğur olsun, Azərbaycan!

Kənan Novruzov