Sərbəst güləş üzrə komandamız Fransada 2-ci olub
Avqustun 30-dan sentyabrın 4-dək Fransanın Makon şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatına yekun vurulub. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız qüvvəsini sınayıb.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi 8 idmançımız təmsil edib. Yunan-Roma təmsilçilərimiz bu yarışda 1 qızıl, 1 bürünc medala sahib olublar. 84 kq çəki dərəcəsində yarışan İslam Abbasov dünya çempionu adıd qazanıb. İslambek Dadov (66 kq) isə çempionatı 3-cü yerdə başa vurub.
Gənc qızların yarışında 4 güləşçimiz mübarizə aparıb. İki çəki dərəcəsində yarışan qadın güləşçilərimiz çempionatı 1 bürünc medalla başa vurublar. Yeganə medalı ölkəmizə Elis Manolova (67 kq) qazandırıb.
Çempionatın son iki günündə böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yarışda qüvvəsini sınayan sərbəst güləşçilərimiz vətənə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdıblar. Heyətdə yer alan 8 güləşçimizdən 5-i yarışı uğurla başa vurub.
Qızıl medalı yığmamıza 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüblər.
Komanda hesabında 49 xal toplayan sərbəst güləş yığmamız Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.