Bakıda arena polo üzrə Dünya kuboku yarışı keçiriləcək

Bakıda arena polo üzrə Dünya kuboku yarışı keçiriləcək
Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) sentyabrın 9-dan 11-dək Bakıda "CBC Sport” arena polo üzrə Dünya kuboku yarışını təşkil edəcək. Olimpnews.az saytının məlumatına görə, Binə Atçılıq Mərkəzindəki "Elit Atçılıq və Polo” klubda təşkil ediləcək yarışda dörd beynəlxalq polo klubunu təmsil edən komanda kubok uğrunda mübarizə aparacaq.

Yarışlara bu gün saat 18:00-dan etibarən start veriləcək. Turnirin sonuncu günü - sentyabrın 11-də üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.

Yarışda yüz polo atı komandaların ixtiyarına veriləcək. Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Dünya kuboku çərçivəsində paytaxtımızda "Bakı-Morits polo gecəsi” adlı tədbir də təşkil olunacaq.

Qeyd edək ki, son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və "Elit Atçılıq və Polo” klubunun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə iki dəfə Dünya kuboku yarışları təşkil olunub. Bu il Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib.