Sentyabrın 13-dən 18-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilir.
Çempionatın ilk iki günündə yunan-Roma güləşi üzrə yığmamızın üzvləri qüvvələrini sınayırlar. Böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıb.
50 kq çəkidə yarışan Zaur Nuriyev Meksika və İsveçdən olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Zaur İran idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
Sentyabrın 15-16-da yeniyetmə qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Alina Zakoyeva (46 kq), Jalə Əliyeva (49 kq), Adelina Mirzəyeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempionata yollanacaq.
Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi Mahir Məmmədzadə (42 kq), Ramiz Həsənov (46 kq), Əsgər Məmmədəliyev (50 kq), Turan Bayramov (54 kq), Daur Psardiya (58 kq), İnal Jopua (63 kq), Abakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.