Sentyabrın 13-dən 18-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilib.
"Olimpnews.az" xəbər verir ki, güləş üzrə Azərbaycan yığması bu yarışları ümumilikdə 10 (2 qızıl, 3 gümüş və 5 bürünc) medalla başa vurub.
Güləşçilərimiz Fail İsgəndərov (yunan-Roma) və Abubakr Abakarov (sərbəst güləş) dünya çempionu titulunu qazanıblar.
İlk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 5 - 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza 46 kq-da mübarizə aparan Fail İsgəndərov qazandırıb. Güləşçimiz Hindistan, Meksika və İran idmançılarına qalib gələrək finala yüksəlib. Finalda Özbəkistan təmsilçisinə tam üstünlüklə qalib gələn Fail İsgəndərov dünya çempionatının qızıl medalına sahib olub.
Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıb.
Beləliklə, komanda hesabında 63 xal toplayan yunan-Roma güləşi üzrə yığmamız dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub.
Çempionatın üçüncü və dördüncü yarış günündə yeniyetmə qızlarımız mübarizə aparıblar. Dünya çempionatında 4 çəki dərəcəsində təmsil olunan qadın güləşçilərimizdən yalnız Aynur Camalova medal qazanıb. Idmançımız mübarizəyə 1/4 finaldan qoşulub. İlk görüşdə Qazaxstan idmançısını mübarizədən kənarlaşdıran Aynur Camaolva yarımfinalda Yaponiyadan olan rəqibinə uduzub. Bürünc medal görüşünə çıxan təmsilçimiz İspaniya güləşçisini üstələyərək çempionatın bürünc medalına sahib olub.
Dünya çempionatının son iki yarış günündə sərbəst güləşçilər qüvvələrini sınayıblar. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 4 medalla - 1 qızıl, 1 gümüş və 2 bürünc başa vurub.
Qızıl medalı yığmamıza 69 kq-da mübarizə aparan Abubakr Abakarov qazandırıb.
Güləşçimiz mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Türkiyə, Bolqarıstan, Qırğızıstan və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıran Abubakr Abakarov finala yüksəlib. Son görüşdə İran təmsilçisinə də qalib gələn təmsilçimiz dünya çempionatının qızıl medalını qazanıb.
Mahir Məmmədzadə (42 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. O, Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini üstələyərək finala yüksəlib. Finalda ABŞ güləşçisi ilə bacara bilməyən Mahir Məmmədzadə görüşü məğlub başa vurub. Çempionatın bürünc medallarına İnal Jopua (63 kq) və Asxab Həmzətov (100 kq) sahib olub.
Beləliklə komanda hesabında 47 xal toplayan sərbəst güləş üzrə yığmamız dünya çempionatını üçüncü sırada tamamlayıb. Rusiya (69 xal) birinci, ABŞ (67 xal) yığması isə ikinci pilləni tutub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edib.