Akademiyanın institutları arasında Spartakiada keçirilir

Akademiyanın institutları arasında Spartakiada keçirilir
Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Milli Elmlər Akademiyasının institutları arasında I Spartakiadanın açılış mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, açılışda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, I Spartakiada Təşkilat Komitəsinin həmsədri Sitarə Bağırova və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Fizika İnstitututnun Həmkarlar Komitəsinin Akademiyanın institutları arasında I Spartakiada keçirmək təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. O, qeyd edib ki, I Spartakiada akademiyanın 15 institutunun Həmkarlar Təşkilatının dəstəyi təşkil olunub. İsa Həbibbəyli I Spartakiadaya dama, şahmat, stolüstü tennis yarışları ilə yanaşı, futbol oyunlarının da daxil edilməsini təqdirəlayiq olduğunu vurğulayıb. Yarışda iştirak edən hər bir İnstitutun komandasına uğurlar arzu edən İsa Həbibbəyli I Spartakiadanı açıq elan edib.

Açılış mərasimindən sonra I Spartakiadanın futbol üzrə ilk oyunları keçirilib.

Spartakiadada artıq stolüstü tennis üzrə yarışlara yekun vurulub. Fizika İnstitutunda təşkil olunan yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uğyun olaraq keçirilib. Şəxsi xarakter daşıyan yarışda oğlanlar arasında birinci yerə İnformasiya Texnologiyaları İnstitutunun təmsilçisi Qurban Qurbanov layiq görülüb. Fizuli Bayramov (Fizika İnstitutu) və Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) müvafiq olaraq, 2-3-cü yerləri tutublar.

Qadınların yarışında isə Fizika İnstitutunun təmsilçisi Sevda Qəribova birinci yerə sahib çıxıb. Səidə Məmmədova (Fizika İnstitutu) ikinci, Lalə Piriyeva (Respublika Seysmoloji Mərkəz) isə üçüncü olub.

Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.