“Samur” ölkə çempionatının I dövrəsini lider kimi başa vurdu

“Samur” ölkə çempionatının I dövrəsini lider kimi başa vurdu


Şənbə və bazar günləri otüstü hokkey üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Qeyd edək ki, qadınların yarışı maraqla gözlənilirdi. İlk turdan təxirə salınan "Atasport-2” - "Bakı” matçında ötənilki çempionlar - "Bakı” klubunun hokkeyçiləri 0:1 hesabı ilə məğlub olduqlarından inanmaq olardı ki, onlar, turnir cədvəlindəki vəziyyətini düzəltmək üçün "Samur”la oyunda mütləq qələbə qazanacaqlar. Ancaq hər şey gözlənilənlərin əksinə olub. Qusar hokkeyçiləri ilk dəqiqədən təşəbbüsə yiyələnərək birinci hissəni 3:1 hesabı ilə öz xeyirlərinə başa vurublar. Fasilədən sonra da hücumlarını davam etdirən qusarlılar I dövrəni lider kimi başa çatdırmaq üçün layiqli qələbə qazanıblar- 4:1. Rəqib komandanın qapısından topların 3-nü Günay İsmayılova, 1-ni isə Kəmalə Qazıxanova keçirib. "Bakı” klubundan təsəlli qolunu Rəna Mehdiyeva vurub. Qadınların digər oyununda "Sumqayıt” və "Atasport-2” komandaları qarşılaşıb. Həmin görüşdə paytaxt hokkeyçiləri sumqayıtlıların qapısından 7 cavabsız top keçiriblər. Qolların 3-nün müəllifi Ceyhunə Məhərrəmova olub. Gülüm Rüstəmova, Həqiqət Bağırova, Sevil Sultanova və Emilya Həsənova hərəyə 1 dəfə fərqləniblər.
Qadınların yarışında təqvim oyunlarını başa çatdıran "Samur” komandası 5 qələbə və 1 məğlubiyyət sayəsində 15 xal toplayaraq birinci dövrənin qalibi adını qazanıb. Hərəyə 9 xal yığan "Bakı” və "Atasport-2” komandaları II-III yerləri bölüşdürürlər. Keçirdiyi bütün oyunlarda məğlubiyyətə uğrayan sumqayıtlı qızlar sonuncu yeri tuturlar. Xatırladaq ki, əvvəlki turlardan təxirə salınan "Bakı” - "Sumqayıt” matçı mayın 1-də keçiriləcək. Bununla da yaz - payız sistemi ilə keçirilən ölkə çempionatının birinci dövrəsinə yekun vurulacaq.
Aprelin 27- 28-də isə 15 və 18 yaşınadək oğlanlardan ibarət komandalar növbəti oyunlarını keçiriblər. 15 yaşadək hokkeyçilərin oyunlarında qeydə alınan nəticələr belədir:

"A” qrupu. "Şəki” - "Akkord” (Sumqayıt) - 0:10
"Şəmkir” - "Şahdağ” (Qusar) - 0:0

Bu qrupda "Akkord” 9 xalla I yerdədir. "Şahdağ” 5 xalla II pillədə yer alıb. III yerdə qərarlaşan "Şəmkir”in aktivində 3 xal var. "Şəki” klubu 1 xalla yarış cədvəlinin sonuncudur. "B” qrupuna daxil olan komandalar isə növbəti oyunlarını gələn həftənin istirahət günlərində keçirəcəklər.

18 yaşadək oğlanların görüşlərində bu nəticələr qeydə alınıb:
"A” qrupu. "Şəki” - "Təhsil” (Sumqayıt) -0:10
"Atasport-Binə” - "Gəncə” - 9:0
Bu qrupda "Təhsil” komandası 9 xalla liderdir. Rəqibindən 3 xal geri qalan "Atasport-Binə” 2-ci yeri tutur.”Gəncə” 3 xalla III, heç bir xalı olmayan "Şəki” komandası isə sonuncu pillədədir.
"B” qrupu. "Göytəpə” (Cəlilabad) - "Astara” -3:1
"Xəzər” - "Olimp” - 1:2
Cənub bölgəsi komandalarının turnir cədvəlində Masallının "Olimp” komandası 7 xalla I yeri tutur. Liderdən 1 xal geri qalan "Göytəpə” 2-ci, 3 oyundan 4 xal toplayan "Astara” isə 3-cü pillədə qərarlaşıb. 1 xalı belə olmayan "Xəzər”(Lənkəran) isə sonuncu yerdədir.