Yunan-Roma yığması dünya çempionatını 2-ci yerdə başa vurdu

Yunan-Roma yığması dünya çempionatını 2-ci yerdə başa vurdu




Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb. Yarışda 35 ölkədən 300-dən çox idmançı qüvvəsini sınayıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 9 medala sahib olublar.  Azərbaycan yığmasına qızıl medalları Həsən Əliyev və Ağahüseyn Mustafayev qazandırıblar.


"Olimpnews.az” xəbər verir ki, çempionatın ilk iki günündə sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar. Pəhləvanlarımız yarışları 3 medalla başa vurublar. 

Təmsilçilərimizdən Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş, Əşrəf Əliyev (74 kq) isə bürünc medal qazanıb. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu olub. Coşqun Əzimov isə Rusiya idmançısı Maqomed Kurbanəliyevə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Əşrəf Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub edərək yarımfinala çıxıb. İran idmançısı ilə gərgin keçən görüşdə hakimlər tərəfindən idmançımıza haqsızlıq edilib və o, bürünc medal uğrunda görüşə çıxıb. Hindistan idmançısına qalib gələn güləşçimiz çempionatın bürünc medalına sahib olub.

Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 6 medal -1 qızıl, 3 gümüş və 2 bürünc əldə ediblər. 

Qızıl medalı komandamıza 71 kq-da mübarizə aparan Həsən Əliyev qazandırıb. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüblər. 

Bürünc medalları isə komandamızın aktivinə Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) yazdırıb. Bu nəticə ilə yunan-Roma yığmamız 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya (61 xal) birinci, Ukrayna (52 xal) üçüncü yerdə qərarlaşıb.