Qarşıdan gələn ilin ilk 5 ayı ərzində Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda müxtəlif tədbir və yarışlar keçiriləcək.
"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, beynəlxalq yarışlara əvvəlcə hakimlik kursları ilə start veriləcək. Qaydalara əsasən, yeni Olimpiya dövründə hər gimnastika növü üzrə bir qitələrarası və bir neçə beynəlxalq hakimlik kursları təşkil edilir. Hakimlər rəsmi yarışlarda iştirak etmək üçün mütləq bu kurslardan keçməlidirlər. Kurslardan sonra Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən kurs keçən hakimlərin dərəcəsi təsdiqlənir.
Beləliklə, 2017-2020-ci illər Olimpiya dövrünə uyğun olaraq yanvarın 17-21-də Bakı ilk dəfə olaraq FIG-nin bədii gimnastika üzrə qitələrarası hakimlik kurslarına ev sahibliyi edəcək. Bundan başqa yenə də bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları paytaxtımızda (26-30 yanvar) keçiriləcək. Qeyd edək ki, sonuncu hakimlik kursları yalnız ingilis dilində aparılacaq.
Fevralın 6-dan 9-dək keçiriləcək kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarında yerli və xarici hakimlər öz dərəcələrini təsdiqləmək və ya artırmaq imkanından istifadə edə biləcəklər. Belə kurslar ilk dəfə ölkəmizdə 2007-ci ildə təşkil edilib.
Mayın 6-7-də isə ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Belə ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının üzvləri ilk dəfə olaraq Bakıda bir araya gələcəklər.
Yarışlara gəlincə, idmansevərlər bu il olduğu kimi, gələn ildə də gimnastikanın 3 növü üzrə (18-19 fevral-batut gimnastikası, 16-19 mart-idman gimnastikası və 28-30 aprel -bədii gimnastika) məşhur idmançıların iştirakı ilə FIG Dünya Kuboku, AGF Trophy yarışlarını izləmək imkanı əldə edəcəklər.
2017-ci ildə ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastikanın 3 növü (kişi idman gimnastikası, qadın idman gimnastikası, bədii gimnastika) üzrə yarışlar keçiriləcək. Milli Gimnastika Arenasında təşkil ediləcək yarışlar mayın 12-dən 22-nə təsadüf edəcək.