Məktəbli “şahinlər” final mərhələsində

Məktəbli “şahinlər” final mərhələsində


Aprelin 26-də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Daxili Qoşunların rayonda yerləşən "N” saylı hərbi hissəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Şahinlər” hərbi-idman və turizm yarışlarının rayon məktəbləri üzrə final mərhələsi keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstəriləm diqqət və qayğıdan danışıb, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu diqqətə çatdıraraq, komandalara yarışlarda uğurlar arzulayıblar.
Bildirilib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, onlara hərbi vətənpərvərlik hisslərinin aşılanması və təbliği məsələləri öz əksini tapıb.
Qeyd edilib ki, yarışların məqsədi böyüməkdə olan yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsidir.
Yarışlarda rayonun 20 orta ümumtəhsil məktəbinin komandaları müxtəlif sınaqlardan keçməklə bacarıqlarını nümayiş etdiriblər.
İlk olaraq şagirdlər orkestrin müşayiəti ilə təntənəli marşla tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar fiziki hazırlıq və digər mərhələlərdə öz qüvvələrini sınayıblar. Yarışlarda ilk üç yeri tutan komandalar "Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.
Sonda qalib komandalara Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən kuboklar, diplomlar və medallar təqdim olunub, onlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.