Oktyabrın 1-də aerobika gimnastikası üzrə ikinci Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib.
"Olimpnews.az” xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışlarda 35 gimnast qüvvəsini sınayıb. Ölkəmizdə yeni inkişaf etməyə başlayan aerobika gimnastikası üzrə çempionatda medallar uğrunda "Ocaq Sport” Klubunun nümayəndələri mübarizə aparıblar.
Turnirdə kişilər arasında gənclər (15-17 yaş), böyüklər (18 və daha yuxarı) və qadınlar arasında uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş) və gənclər (15-17 yaş) öz bacarıqlarını fərdi proqramda nümayiş etdiriblər. Qadınlardan ibarət üçlüklərin yarışında isə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş) və yeniyetmələr (12-14 yaş) yarışıblar.
Açılış mərasimindən sonra qadın gimnastlar arasında fərdi proqram üzrə 7-8 və 9-11 yaş qrupları üzrə idmançılar çıxış ediblər. Sonra üçlük tərkibində 7-8 və 9-11 yaşlı gimnastların çıxışları izlənilib. Yarışın sonunda isə kişilər və qadınlar arasında yeniyetmələr, gənclər və böyüklər, həmçinin üçlük tərkibində çıxış edən 12-14 yaşlı gimnastların fərdi proqram üzrə yarışları keçirilib.
Yarışın sonunda hər iki turnirin qalibləri mükafatlandırılıb.