Oktyabrın 10-da Şamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. Yarışdan əvvəl təşkilat komitəsinin üzvləri ümumilli liderin abidəsini ziyarət ediblər.
Yarışın açılış mərasimində çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin nüfuzunu qeyd ediblər.
Sayca 4-cü dəfə təşkil olunan yarışda respublikanın 32 rayon və şəhərindən, o cümlədən Ukraynadan ümumilikdə sərbəst güləş üzrə 300-ə yaxın yeniyetmə idmançı iştirak edib. Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev bölgələrdə bu cür yarışların təşkilinin güləşin kütləviliyinə xidmət etdiyini bildirib: "Bu yarışlar sınaq yarışlarıdır. Güləşçilər bu cür turnirlərdə özlərini göstərə bilirlər. Oleq Krapivin bundan əlavə bir neçə ildir ki, Ukraynın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq güləş turniri də təşkil edir. Bizim idmançılarımız da orada iştirak edir, medalla qazanır, bayrağımızı yüksəldirlər.”
Sərbəst güləş üzrə ölkə yığma komandasının məşqçilər korpusunun üzvləri, həmçinin veteran güləşçilər də yarışı izləyənlər arasında olublar. Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda Qazax, Şamaxı, Masallı, Abşeron, Ağstafa, Şirvan, Astara, eləcə də Ukrayna təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.