Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.
"Olimpnews.az” xəbər verir ki, məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında turnirdə 15 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimiz yarışı 1 gümüş medalla başa vurublar.
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısının öhdəsindən gələ bilməyən təmsilçimiz məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidə mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.