Şəkidə atıcılıq üzrə zona birinciliyi keçirilib

Şəkidə atıcılıq üzrə zona birinciliyi keçirilib




"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Şəki şəhər filialında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil olunmuş "Mahir nişançı” devizi altında pnevmatik silahdan atıcılıq üzrə respublika birinciliyinin zona yarışları keçirilib.
Yarış iştirakçıları əvvəlcə ulu öndərin şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzərək, xatirəsini ehtiramla yad ediblər.
Zona yarışında "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Şəki, Balakən və Zaqatala filiallarının komandaları iştirak ediblər. Komandaların tərkibi üç nəfərdən ibarət olub. Hər bir iştirakçı pnevmatik tüfəngdən hədəfə 5 dəfə atəş açıb. Yekun nəticələrə görə, Şəki komandası 65 xalla zona yarışının qalibi olub. Zaqatala atıcıları 60 xalla ikinci, Balakən komandası isə 51 xalla üçüncü yeri tutub.
Fərdi yarışlarda Şəki şəhər filialının müdavimləri 32 və 28 xalla ilk iki yeri tutublar. Balakən təmsilçisi isə üçüncü yerlə kifayətlənib.
Zona birinciliyində fərqlənmiş komanda və atıcılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.