Dağıstan Respublikasında Pekin-2008 Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci beynəlxalq turnir keçirilib.
"Olimpnews.az" xəbər verir ki, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında turnirdə 12 idmançımız qüvvəsini sınayıb. Pəhləvanlarımız Dağıstandan vətənə 1 qızıl və 2 bürünc medalla qayıdıblar.
Ri-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalına sahib olub. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevə qalib gəlib.
Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) turniri beşinci yerdə başa vurub.