Spartakiada başa çatdı

Spartakiada başa çatdı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və «Məhsul» Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının birgə qərarı ilə kənd idmançıların milli oyunlar üzrə ənənəvi Spartakiadası keçirilib.

Olimpnews.az saytının məlumatına görə, 27-ci dəfə keçirilən Spartakiadanın əsas məqsədi itməkdə olan milli adət-ənənələrimizin qoruyub saxlanılması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya Hərəkatının respublikamızda daha da inkişa etdirilməsi haqqında göstərişlərin həyata keçirilməsidir.

Spartakiadanın final yarışları Sabirabad rayon Olimpiya İdman Kompleksində keçirilib. Final yarışlarında 20 rayondan 361 nəfər iştirak edib. Spartakiadanın təntənəli açılış mərasimi Sabirabad rayon Olimpiya İdman Kompleksində təşkil olunub. Təntənəli paraddan sonra Spartakiadanın iştirakçıları proqrama daxil olan daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda öz güclərini sınayıb. Sabirabad, Şamaxı, Cəlilabad, Qubadlı, Zəngilan, Gəncə və İmişli ümumkomanda yarışlarında xüsusi fərqləniblər. Spartakiadanın proqramına daxil olan 9 növ üzrə yarışlarda tam çıxış edən Sabirabad rayonunun komandası birinci yeri (1005 xal) tutub. Şamaxı rayonunun idmançıları 995 xalla ikinci yerə layiq görülüblər. Aktivində 894 xal olan Cəlilabad komandası isə üçüncü yerə sahib çıxıb.