Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib

Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib

Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib.

Olimpnews.az saytının məlumatına görə,iclasda "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi müzakirə olunub. Həmçinin "Bədən tərbiyəsi və idman haqqında” qanunda, Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

Qeyd edilib ki, "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanmasında məqsəd milli qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, 8 fəsil 42 maddədən ibarət qanun layihəsinin hazırlanması ilə bağlı əlaqədar qurumların mütəxəssislərindən ibarət yaradılan işçi qrupu xeyli iş görüb, bu sahədə mövcud beynəlxalq təcrübə yaxından öyrənilib. Bu gün Beynəlxalq Antidopinq Təşkilatı idmançılara 7 mindən çox dərmandan istifadəyə qadağa qoyub. Dopinqdən istifadə edən idmançılara, federasiyalara qarşı sanksiyalar tətbiq olunur. Bu, idmanın inkişafı baxımında müsbət qiymətləndirilir. Bu dərmanlardan 3 dəfə istifadə edən atletlər idmandan birdəfəlik uzaqlaşdırılır.

Qeyd olunub ki, Azərbaycanda da bu məsələ daim diqqətdə saxlanılır. Gənclər və İdman Nazirliyinin tərkibində antidopinq komissiyası fəaliyyət göstərir. Ölkəmiz bu sahədə müvafiq beynəlxalq sənədlərə qoşulub. Dünyada dopinqə qarşı mübarizə tədbirləri getdikcə daha da sərtləşdirilir. Son zamanlar dünya idmanında baş verən hadisələr bu məsələyə diqqəti daha da artırıb.

Belə bir qanunun idman sahəsi üçün vacibliyini vurğulayan gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın idman ölkəsi olduğunu bildirib. Nazir son illər ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan və idmançılarımızın qazandıqları çoxsaylı medallardan, Azərbaycanda keçirilən mötəbər yarışlardan danışıb. O, ölkəmizin dopinqə qarşı mübarizə sahəsində beynəlxalq sənədlərə qoşulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu sahədə milli qanunvericilik bazasının yaradılması və dopinqə qarşı mübarizə idmançıların sağlamlığının qorunması baxımından da vacibdir.

Qanun layihəsi ilə bağlı təklif və tövsiyələrlə çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli də belə bir sənədin qəbulunu vacib hesab edib. Bildirib ki, Azərbaycanda idman sürətlə inkişaf edir, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin sayı getdikcə artmaqdadır. Bütün bunlar, eləcə də sonuncu – XXXI Yay Olimpiya Oyunları ərəfəsində bu məsələnin siyasiləşdirilməsi bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi zərurətini yaradır.

Çıxışlarda qanun layihəsi ilə bağlı müxtəlif təklif və tövsiyələr səsləndiriblər.

İclasda gündəlikdə duran digər məsələlərə də baxılıb. Bildirilib ki, idman yarışlarının manipulyasiyası ilə bağlı Cinayət və Cinayət Prosessual məcəllələrinə, "Bədən tərbiyəsi və idman” haqında Qanuna edilən əlavələrə əsasən, qadağan olunan idman manipulyasiyasının qarşısının alınması üçün cəza sanksiyaları nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.