Milli brend "SmartScoring" Avropa Gimnastika İttifaqı ilə əməkdaşlıq edəcək

Milli brend "SmartScoring" Avropa Gimnastika İttifaqı ilə əməkdaşlıq edəcək



Noyabrın 9-da Milli Gimnastika Arenasında Azərbaycanın "SmartScoring” şirkəti və Avropa Gimnastika İttifaqı (UEG) arasında tərəfdaşlığa dair sazişin imzalanma mərasimi keçirildi.
Sazişi UEG-in prezidenti Corc Gelzek və "SmartScoring” şirkətinin icraçı direktoru Emin Muxtarov imzaladılar.

"Olimpnews.az" xəbər verir ki, tədbirdə UEG-in prezidenti Corc Gelzek ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirdi. Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən məmnunluqla danışan qurum rəsmisi gimnastlarımızın beynəlxalq arenada əldə etdikləri uğurlarından da bəhs etdi: "Azərbaycan Gimnastika Federasiyası yeni yaranmasına baxmayaraq fəaliyyətində çox böyük inkişaf yolu keçib. Bu inkişaf digər ölkələrə də nümunə göstərilə bilər. Qeyd edim ki, inkişaf dedikdə, yalnız güclü idmançıların yetişdirilməsi başa düşülməməlidir. Bura həm də tədbirin təşkil olunduğu möhtəşəm Milli Gimnastika Arenasının inşası, yarışların keçirilməsində yüksək təşkilatçılıq qabiliyyəti, həmçinin idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi və idmanın bu növündə kütləviliyə nail olunması daxildir. Azərbaycanda gimnastikanın inkişafı, sözün əsl mənasında, fantastik səviyyədədir. Mən inanıram ki, Azərbaycan Gimnastika Federasiyası təxminən 7-8 ildən sonra Avropanın gimnastika federasiyaları arasında əh güclü federasiyalardan birinə çevriləcək. Azərbaycan Gimnastika Federasiyası addım-addım qarşıya qoyduğu məqsədə doğru irəliləyir”.

Azərbaycanın milli brendi "SmartScoring" ilə yeni əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən C. Gelzek dedi: " "SmartScoring” şirkəti 2017-ci ildən etibarən irimiqyaslı yarışlarda, o cümlədən Avropa çempionatlarında xalların hesablanmasında bizə yaxından kömək göstərəcək. Bir neçə gün əvvəl UEG-in gimnastikanın 6 növü üzrə texniki komitələrinin rəhbərləri burada keçirilən yerli yarışı izləyiblər. Həmin yarışlarda "SmartScoring” xalları hesablayıb və bizim nümayəndələr də şirkətin fəaliyyətini yüksək qiymətləndirirlər. Bu gün biz saziş imzalamaq üçün bir araya gəlmişik”.

Sonra "SmartScoring”in icraçı direktoru Emin Muxtarov şirkət barədə məlumat verdi. O bildirdi ki, şirkət yarışlar zamanı xalların hesablamasından başqa, hakimlik, xronometraj və akkreditasiya üzrə sistemin işlənib hazırlanması və icrasını təmin edəcək. Şirkətin xidmətlərinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan videonəzarət sistemi də daxildir. O dedi: "Hər bir idmançı nüfuzlu beynəlxalq yarışlarda qalib gəlmək və öz ölkəsinin bayrağını yüksəklərə qaldırmağı arzu edir. Bizim komandamız da rəqəmlərin dəqiqliyi, sistemin qüsursuz etibarlılığı və nəticələrin səlisliyində öndə olmağa çalışır”, - deyə Emin Muxtarov diqqətə çatdırıb.

Qeyd edək ki, "SmartScoring” şirkəti cari ildə Bakıda təşkil olunan gimnastika üzrə 3 dünya kuboku və 42-ci Dünya Şahmat Olimpiadasında yaxından iştirak edib. Həmçinin gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunlarında da gimnastika üzrə yarışların tərəfdaşı olacaq.

Səadət Hakıyeva