Moskvada güləş üzrə qitələrarası kubok keçiriləcək

Moskvada güləş üzrə qitələrarası kubok keçiriləcək



Noyabrın 12-13-də Rusiyanın paytaxtı Moskvada güləş üzrə qitələrarası kubok keçiriləcək. Qeyd edək ki, Alrosa kuboku adlanan beynəlxalq turnir komanda yarışı xarakteri daşıyır. Bu yarışda 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Ölkəmizi Alrosa kubokunda ümumilikdə 17 güləşçimiz təmsil edəcək.

6 nəfərdən ibarət sərbəst güləş üzrə yığmamız Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi altında qüvvəsini sınayacaq. Azərbaycan yığması Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları ilə mübarizə aparacaq.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 6 idmançımız daxil edilib. Turnirdə Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları yarışacaq.

Qadın güləşçilərin yarışında qaliblər Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandalarının mübarizəsində müəyyənləşəcək. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamız 4 güləşçi ilə təmsil olunacaq.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında təşkil ediləcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.