“Cəsurlar” hərbi-idman və turizm oyununun respublika üzrə final yarışları keçirildi

“Cəsurlar” hərbi-idman və turizm oyununun respublika üzrə final yarışları keçirildi



Aprelin 27-də Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində "Cəsurlar” hərbi-idman və turizm oyununun respublika üzrə final yarışları oldu. Əvvəlcə yarış iştirakçıları Cəmşid Naxçıvanskinin büstü önünə əklil qoydular. Azərbaycanın dövlət himni səsləndirildi.
Mərasimdə liseyin rəisi general-mayor Mirzə Almasov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov və başqaları çıxış edərək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində, onların hərbi və fiziki hazırlığında, vətənə məhəbbət hisslərinin aşılanmasında "Cəsurlar” hərbi-idman və turizm oyununun əhəmiyyətindən danışdılar.
Bildirildi ki, yarışların məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Çıxış edənlər yarışın final mərhələsinin məhz hərbi liseydə və yüksək səviyyədə keçirilməsinin heç də təsadüfi olmadığını vurğuladılar. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin yaratdığı canlı abidələrdən biri də C.Naxçıvanski adına Hərbi Liseydir. Sovet dövründə belə bir hərbi məktəbin Azərbaycanda yaradılması Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu lisey Azərbaycan üçün qəhrəman zabitlər yetişdirib. Bu gün yarışan cəsurlar da sabahın zabiti olacaqlar.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi vurğulandı, dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırıldı.
Natiqlər "Cəsurlar” hərbi idman oyununun bütün mərhələlərini keçmiş, sabahın əsgər və zabitləri olacaq gəncləri finala vəsiqə qazanmaları münasibətilə təbrik etdi və onlara uğurlar arzuladılar.
Respublika finalına kursant qutusunun təntənəli marş və mahnı sədaları altında nümunəvi keçidi ilə start verildi.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən yeddinci və səkkizinci sinif şagirdlərindən ibarət ümumilikdə 19 komanda birincilik uğrunda mübarizə apardı.
İki mərhələdən ibarət olan yarışın birinci mərhələsində komandalar təntənəli marşla, mahnı sədaları altında tribuna önündən keçdilər və onların sıra hazırlığı səviyyəsi yoxlanıldı.
Yarışın ikinci mərhələsində isə cəsurlar müxtəlif sınaqlardan, sədlərdən keçib və maneələri dəf edərək öz fərdi bacarıqlarını nümayiş etdirdilər.
Sonda yarışların yekun nəticələri elan olundu və qalib komandalar mükafatlandırıldılar. Turnirin qalibi adını "Xətai” komandası qazandı. İkinci pilləni "Suraxanı” komandası tutdu. İlk "üçlüy”ü "Ağsu” qapadı.