"Olimpiya dünyası" - 15 il

"Olimpiya dünyası" - 15 il

"Olimpiya dünyası” qəzetinin bu ay 15 yaşı tamam olur. Qəzetimiz 2001-ci il noyabrın ayının 27-də nəşrə başlayıb. Həftədə 2 dəfə 6150 tirajla nəşr olunan "Olimpiya dünyası” 2006-cı ilin avqust ayından rəngli formatda çap edilir.

Ötən 15 il ərzində "Olimpiya dünyası”nın fəaliyyəti müvafiq təşkilat və qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. Qəzetimiz ötən illər ərzində bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 və 2010, 2011, 2013-cü illərdə qəzet və jurnallar arasında "İlin ən yaxşı idman nəşri” nominasiyasının qalibi olub.

Beynəlxalq idman təşkilatlarının da diqqət mərkəzində olan "Olimpiya dünyası” İspaniyanın nüfuzlu "Aktualidad” jurnalının təsis etdiyi "Nüfuz və keyfiyyətə görə” adlı beynəlxalq mükafata layiq görülüb. İdman və Olimpiya Hərəkatının təbliği sahəsindəki fəaliyyətinə görə qəzetimiz beynəlxalq idman federasiyaları tərəfindən xüsusi diplomlarla təltif edilib.

"Olimpiya dünyası” qəzeti bundan sonra da tələbkar oxucuların zövqünü oxşamağa, onları maraqlandıran, narahat edən məsələlərdən söz açmağa, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanı kimi qazanılan etimadı qoruyub saxlamağa çalışacaqdır.

Sözsüz ki, 15 illik fəaliyyətimizə oxucularımızın necə qiymət verməsi çox maraqlıdır. Bu baxımdan idman ictimaiyyətinin tanınmış nümayəndələrinin qəzetimizin yubileyi ilə bağlı redaksiyaya ünvanladığı təbrik və müsahibələrini dərc edirik.

""Olimpiya dünyası” idman ictimaiyyətinin
 ən çox sevdiyi qəzetdir”

"Olimpiya dünyası” qəzeti işıq üzü görən dövrdə Azərbaycan idmanında belə bir nəşrin dərcinə, sözün əsl mənasında, ehtiyac duyulurdu. O dövrlərdə Azərbaycan idmançılarının iştirak etdikləri yarışları idman və Olimpiya Hərəkatı sahə-sində baş verən yenilikləri işıqlandırmaq üçün rəsmi bir idman qəzeti çatışmırdı. Məhz belə bir anda meydana çıxan "Olimpiya dünyası” idman-sevərlərin ürəyindən xəbər verdi. Qəzet bu gün də öz nüfuzunu layiqincə qoruyur. "Olimpiya dünyası” idman ictimaiyyətinin ən çox sevdiyi qəzetdir. İdman sahəsində çalışan insanlar bu qəzetin hansı çətinliklərlə ərsəyə gəlməsini çox gözəl bilirlər. Biz ölkəmizdə keçirilən müxtəlif turnirlərdə "Olimpiya dünyası” qəzetinin peşəkar əməkdaşları ilə həmişə rastlaşırıq. "Olimpiya dünyası” gözəl tərtibatı ilə də seçilir. Qəzetinizin yaranmasının 15 ili tamam olur. Bu münasibətlə "Olimpiya dünyası”nın kollektivini təbrik edir, yaradıcılıq uğurları arzulayıram.

Xəzər İsayev,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti


"Olimpiya dünyası” ölkəmizdə idmanın və Olimpiya Hərəkatının 
təbliğinə xidmət edir

Müstəqillik əldə edil-dikdən sonra hər bir sahədə olduğu kimi, idmanda da böyük yüksəliş dövrü başladı. Beynəlxalq miqyaslı yarışlarda əldə olunan nailiyyətlər günü gündən artdı. Azərbaycan atletləri iştirak etdikləri hər bir yarışda mükafatlar qazandılar. Dünya, Avropa və Olimpiya oyunlarında əldə olunan nailiyyətlər xalqımız sevindirdi. Əldə olunan nailiyyətlərin təbliğində KİV nümayəndələrinin rolunu xüsusi qeyd etmək olar. İdman qəzetləri arasında özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” bu işdə böyük pay sahibi oldu. 15 illik fəaliyyəti dövründə bu qəzet Azərbaycan oxucusuna əldə olunan nailiyyətlərlə bağlı səhih məlumatlar çatdırıb. "Olimpiya dünyası” öz səmərəli fəaliyyəti ilə ölkəmizdə idmanın və Olimpiya Hərəkatının təbliğinə xidmət edir.
Şübhəsiz ki, bu işdə peşəkar kollektivin xüsusi əməyi var. Milli Olimpiya Komitəsinin təsis etdiyi qəzet daim diqqət mərkəzindədir.

15 il az bir vaxt deyil. Hesab edirəm ki, Azərbaycanın idman uğurları artdıqca, "Olimpiya dünyası” qəzeti də bu nailiyyətləri təbliğ etməkdə davam edəcək.

Qəzetin baş redaktoru başda olmaqla, bütün yaradıcı kollektivi təbrik edirəm. Arzu edirəm ki, qəzetiniz hər zaman belə maraqlı və yüksək səviyyədə nəşr olunsun.

Cəfər Hümbətov,
Respublika Yüksək idman Ustalığı
məktəbinin direktoru

"Olimpiya dünyası” idmanı sevənlərin,
ona dəyər verənlərin qəzetidir

Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpiya dünyası” qəzeti idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus dəsti-xəttə malikdir. Qəzet yarandığı gündən etibarən idmançılarımızın əldə etdiyi uğurların və nailiyyətlərin ictimaiyyətə çatdırılmasında uğurla fəaliyyət göstərir. Ölkənin federasiya, klub və cəmiyyətləri ilə sıx əlaqə yaradan qəzetin kollektivi öz işini günün tələbləri səviyyəsində qurmağı bacarır. Bu mətbuat orqanını digər idman nəşrlərindən fərqləndirən başlıca cəhət isə Olimpiya və qeyri-Olimpiya növlərinə fərq qoymadan bütün idman növlərini bərabər səviyyədə işıqlandırmasıdır.

"Olimpiya dünyası” idmanı sevənlərin, ona dəyər verənlərin qəzetidir. Mən qəzetin uzun ömürlü olmasını diləyərək, onu ərsəyə gətirən insanlara yeni yaradıcılıq uğurları arzu edirəm.

Fazil Hadıbəyov,
"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri


""Olimpiya dünyası” mənim ən çox sevdiyim qəzetdir”

"Olimpiya dünyası” qəzetinin 15 yaşının tamam olması münasibətilə yaradıcı kollektivi təbrik edirəm. Bu qəzetin ölkə idmanında özünəməxsus yeri var. İdmanın təbliğində gördüyü işlərə görə qəzetinizin fəaliyyəti hər birimizin ürəyincədir. "Olimpiya dünyası”nın səhifələrində Azərbaycanın tanınmış idmançıları, habelə idmanın inkişafında böyük xidmətləri olmuş veteran idmançılar haqqında geniş yazılara tez-tez rast gəlinir. Bütün bunlar gənclərə idmanımızın keçmişini öyrənməyə imkan verir. "Olimpiya dünyası” mənim ən çox sevdiyim qəzetdir. 15 illik fəaliyyəti dövründə bu qəzet öz səhifələrində Azərbaycan idmanının bütün sahələrinə aid yazılar dərc edib. Qəzetin əməkdaşları ilə isti münasibətlərim var. Arzu edirəm ki, sevimli qəzetimiz hər zaman öndə olsun.

Zemfira Meftahətdinova,
Olimpiya çempionu

"Qəzetiniz nəşrə başlayan gündən Azərbaycanın idman və Olimpiya
Hərəkatının salnaməsini yazır”

"Olimpiya dünyası” qəzetini yubileyi münasibətilə təbrik edirəm. Hər zaman biz idmançıların uğurlarını işıqlandıran bu qəzet ölkəmizdə geniş oxucu kütləsinə malikdir. Mən müstəqil Azərbaycanın ilk Olimpiya çempionuyam. "Olimpiya dünyası” qəzeti də müstəqil Azərbaycan Milli Olimpiya Komitəsinin ilk idman qəzetidir. Qəzetiniz nəşrə başlayan gündən Azərbaycanın idman və Olimpiya Hərəkatının salnaməsini yazır. Bir daha redaksiyanızın bütün əməkdaşlarını təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, sonrakı saylarınızda da bu uğurlu missiyanı layiqincə yerinə yetirəcəksiniz.

Nazim Hüseynov,
Olimpiya çempionu

15 yaşın mübarək, "Olimpiya dünyası”!

Milli Olimpiya Komitəsi 2001-ci ilin noyabr ayında yeni idman nəşrinin - "Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlaması barədə qərar qəbul etdi. Artıq qəzetin yaranmasından 15 il ötür. "Olimpiya dünyası” bu illər ərzində qəzet bolluğu olmasına baxmayaraq, Azərbaycan mətbuatında özünəməxsus yer tutmağı bacarıb və ictimai fikrə təsir edən mətbuat orqanlarından birinə çevrilib. Rəngarəng yazıları, gözəl tərtibatı ilə oxucularının görüşünə gələn və onların rəğbətini qazanan "Olimpiya dünyası” çap olunduğu müddətdə Azərbaycan idmanının əsl salnaməsinə çevrilib. Bu gün də operativliyi və çevikliyi ilə fərqlənən qəzet Azərbaycan idmançılarının, o cümlədən cüdoçularımızın qazandığı nailiyyətləri mütəmadi olaraq öz oxucularına çatdırmaqdadır.
İnanırıq ki, "Olimpiya dünyası” qəzeti bundan sonra da idmançılarımızın istər ölkə daxilində, istərsə də beynəlxalq arenalarda əldə etdikləri uğurları operativ olaraq işıqlandıracaq. Redaksiyanın yaradıcı kollektivi daim inkişaf etməkdə olan Azərbaycan idmanı haqda verəcəyi xoş xəbərlərlə öz oxucularını sevindirməkdə davam edəcək. 15 yaşının tamam olması münasibətilə "Olimpiya dünyası” qəzetinin yaradıcı kollektivini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Cüdo Federasiyası

"Olimpiya Hərəkatının və idmanın təbliğində 
"Olimpiya dünyası” qəzetinin rolu böyükdür”

Son illər ərzində Azərbaycanda idmanın inkişafı geniş vüsət alıb və respublikamız irimiqyaslı mötəbər turnirlərin mərkəzinə çevrilibdir. Olimpiya Hərəkatının və idmanın təbliği, əhali arasında populyarlaşmasında Kütləvi İnformasiya Vasitələrinin, xüsusilə də sırf idmana həsr olunmuş "Olimpiya dünyası” qəzetinin rolu böyükdür. Fəaliyyət göstərdiyiniz bu illər ərzində dövlətimiz tərəfindən idmana olan qayğı, idmançılarımızın uğurları, ev sahibliyi etdiyimiz yarışlar qürur hissi ilə qəzetinizin səhifələrində geniş əhatə olunubdur.

15 illik gərgin əməyinizin bəhrəsi kimi sizə ünvanlanan təbrikləri və ürək sözlərini qəbul etdiyiniz vaxtda federasiyamızla sıx əməkdaşlığınız və daimi dəstəyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Azərbaycan Gimnastika Federasiyasının adından Sizi, qəzetinizin 15 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! "Olimipiya dünyası” qəzetinin peşəkar kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Fərid Qayıbov,
AGF-nin baş katibi

""Olimpiya dünyası” qəzetini necə görmüşüksə,
bundan sonra da elə görmək istəyirik”

"Olimpiya dünyası” qəzeti fəaliyyət göstərdiyi 15 il ərzində idmançılarımızdan çoxlu sayda müsahibələr hazırlayıb, uğurlarımıza sevinib. Hər zaman idmançılara dəstək olan, onların parlaq qələbələrini işıqlandıran bu qəzetin uzunömürlü olmasını arzulayıram. Qəzet həmişə rəngarəng tərtibatı, zəngin xəbərləri və gözəl dizaynı ilə oxucuların zövqünü oxşayır. Demək olar ki, rəngarəngliyi və müxtəlif rubrikaları ilə oxucuların qəlbinə yol tapıb. Qəzetdə çap olunan məqalələrə və dizaynına irad tapmaq qeyri-mümkündür. "Olimpiya dünyası” qəzetinə bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirəm. "Olimpiya dünyası” qəzetini necə görmüşüksə, bundan sonra da elə görmək istəyirik.

Ələkbər İmaməliyev,
Azərbaycan Taevkondo Federasiyasının icraçı direktoru

"Sizə yaradılıcıq uğurları diləyirik”

Azərbaycanda Olimpiya Hərəkatının və idmanın təbliğində qazanılan möhtəşəm qələbələrin salnaməsinin yaranmasında "Olimpiya dünyası” qəzeti əvəzsiz rol oynayır. 15 illik yubiley münasibətilə redaksiyanın kollektivini səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni yaradılıcıq uğurları diləyirik. İnformasiyanın rolunun və əhəmiyyətinin sürətlə artdığı müasir dünyamızda kollektivinizin hər bir üzvünə əzmkarlıq, daha böyük nailiyyətlər arzulayırıq. Əminik ki, müasir Azərbaycanın idman mətbuatında öz dəst-xətti ilə seçilən "Olimpiya dünyası” qəzeti bundan sonra da peşəkar, mükəmməl və obyektiv materialları ilə media məkanında mövqeyini və nüfuzunu daha da möhkəmləndirəcəkdir. Bu qəzet bütün idmansevərlər kimi, Sumqayıt idmançılarının da sevimli qəzetidir. Şəhərimizin idman həyatında baş verən ən kiçik hadisələr belə, qəzetdə öz əksini tapır. Kollektivinizi əlamətdar gün münasibətilə bir daha təbrik edirik, yeni yaradıcılıq uğurları arzulayırıq.

Mübariz Bəşirov,
Sumqayıt Şəhər Gənclər və İdman Baş
İdarəsinin rəis əvəzi

"15 yaşınızı təbrik edir və sizin hər birinizə
 ən səmimi arzularımı bildirirəm”

"Olimpiya dünyası” qəzeti çox çətin və şərəfli yol keçib. Qəzetin əməkdaşları hər zaman idmançılarla ünsiyyədə olur. Demək olar ki, bütün yarışlarda iştirak edirlər. "Olimpiya dünyası” 15 il ərzində geniş oxucu auditoriyası qazanıb. İstənilən mətbuat orqanı üçün bundan şərəfli heç bir şey ola bilməz. Bu qəzet bölgələrimizdə keçirilən yarışları, idman tədbirlərini də diqqətdən kənarda qoymur. Hər dəfə Bakıya gələndə mütləq "Olimpiya dünyası” qəzetinin redaksiyasına baş çəkməyi özümə borc bilirəm. Redaksiyanın səmimi, işgüzar və peşəkar kollektivi ilə ünsiyyətdə olmaq insana zövq verir. 15 yaşınızı təbrik edir və sizin hər birinizə ən səmimi arzularımı bildirirəm.

Sahib Rzayev,
Göy-göl Olimpiya İdman Kompleksinin direktoru

""Olimpiya dünyası” qəzeti ilə sıx əlaqə saxlayıram”

Azərbaycanda idman nəşrləri kifayət qədərdir. Amma bu nəşrlərin əksəriyyəti idmanın müəyyən növləri, daha çox futbola bağlı məlumatlar dərc edirlər. 15 illiyini qeyd etməyə hazırlaşdığımız "Olimpiya dünyası” qəzeti isə tam fərqli bir mövqedən çıxış edir. Yəni bu qəzet bütün idman növlərini əhatə edir. Bu qəzetdə heç bir idman növünə biganə münasibət göstərilmir. Mən 2004-cü ildən Bərdə Olimpiya İdman Kompleksinin direktoru təyin təyin olunmuşam. Elə həmin ildən başlayaraq "Olimpiya dünyası” qəzeti ilə sıx əlaqə saxlayıram. Ölkəmizin idman həyatında baş verən bütün yenilikləri bu qəzet vasitəsi ilə öyrənirik, desəm, səhv etmərəm. Etiraf edim ki, idmanın təbliği üçün kompleksdə keçirdiyimiz tədbirlərdə "Olimpiya dünyası” qəzetinin materiallarından etibarlı mənbə kimi istifadə edirik. Demək istədiyim odur ki. bu qəzet 15 il ərzində oxucuların sevimli idman mətbuatı olub. Yubiley münasibəti ilə qəzetin yaradıcı kollektivini ürəkdən təbrik edirəm.

Qabil Məməmdov,
Bərdə Olimpiya İdman kompleksinin direktoru

"Qəzet, həqiqətən də,
idmanımızın aynasına çevrilib”

"Olimpiya dünyası” qəzeti 15 ildir ki, dərc olunur. Fəaliyyət göstər-diyiniz bu müddət ərzində ölkədə idmanın inkişafı istiqamətində bir çox işlər görmüsünüz. Qəzetin səhifələrində digər idman növləri ilə yanaşı, güləş və güləşçilərimizin çıxışları barədə də maraqlı yazılar mütəmadi olaraq oxu-culara çatdırılır. Qəzet həqiqətən də, idmanımızın aynasına çevrilib. "Olimpiya dünyası”na bundan sonrakı fəaliy-yətində uğurlar arzulayır, kollektivinizi ürəkdən təbrik edirəm.

Namiq Abdullayev,
Olimpiya çempionu

"Uğurlarınız bol, qəzetiniz
uzun ömürlü olsun”

15 il müddətində oxucuların görüşünə gəlmək böyük uğurdur. Əgər qəzet bu müddət ərzində fəaliyyət göstərirsə, deməli, oxucular tərəfindən sevilir və ona ehtiyac var. Daim səhifələrində idman və Olimpiya Hərəkatının təbliğinə geniş yer ayıran, atletlərimizin uğurlarını işıqlandıran "Olimpiya dünyası” hər birimizin qəzetidir. Bu qəzet ölkəmizdə bütün idman növlərinə , o cümlədən güləşə diqqətlə yanaşır. Pəhləvanlarımızın çıxışları, qələbələri "Olimpiya dünyası” qəzetinin səhifələrində geniş şəkildə öz əksini tapır. Böyük oxucu kütləsinə malik olan bu qəzetin kollektivini səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol, qəzetiniz uzun ömürlü olsun.

Elçin Cəfərov,
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

"Rəngarəng rubrikalarınız oxucular tərəfindən maraqla qarşılanır”

2001-ci ilin noyabr ayında nəşrə başlayan qəzetinizin ilk abunəçilərindən biriyəm. Qəzetiniz öz səhifələrində günün mühüm idman hadisələrini, yeniliklərini, nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarında keçirilən yarışlar barədə oxucularına məlumatlar çatdırır. 15 illik fəaliyyətiniz dövründə ətrafınıza geniş oxucu kütləsi toplamısınız. "Olimpiya dünyası” qəzetinin ən böyük fəaliyyəti idmanın inkişafına, kütləviləşməsinə verdiyi töhfədir. "Olimpiya dünyası” qəzeti müxtəlif mövzuları əhatə edir. Rəngarəng rubrikalarınız oxucular tərəfindən maraqla qarşılanır. "Olimpiya dünyası” qəzetində mənim müxtəlif mözularda 100-ə yaxın məqalələrim çap olunub. Qəzetiniz Azərbaycanın müstəqilliyi dövründə keçirilən Olimpiya Oyunlarına hazırlıq, idmançıların bu mötəbər yarışlarda iştirakından geniş məlumatlar dərc edib. Fərəhli haldır ki, "Olimpiya dünyası” qəzeti bütün idman növlərini geniş şəkildə işıqlandırır. Ölkəmizdə və dünyada baş verən idman hadisələrini oxuculara vaxtında çatdırır. Məhz buna görədir ki, bu qəzet ölkənin idman mətbuatında aparıcı yerlərdən birini tutur. 15 il bundan əvvəl nəşrə başlayan qəzet əvvəlki nüfuzunu bu gün də saxlayıb. "Olimpiya dünyası” qəzetinin mehriban və işgüzar kollektivi var. 15 illik fəaliyyətiniz münasibəti ilə qəzetin kollektivini ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Dilqəm Quliyev,
professor

"Peşəkarlıq olan yerdə uğur da olacaq”

Jurnalistika çətin peşədir. Çətin olduğu qədər də, məsuliyyətli və şərəflidir. Təsadüfi deyil ki, mətbuatı "cəmiyyətin dili” adlandırırlar. Ölkəmizdə öz işini dərindən bilən peşəkar jurnalistlər və geniş oxucu auditoriyasına malik KİV-lər kifayət qədər çoxdur. Onlardan biri də "Olimpiya dünyası” qəzetidir. Bu qəzetin kollektivini yaxşı tanıyıram, peşəkarlığınıza bələdəm. Bir qəzet üçün 15 il elə də uzun bir vaxt deyil. Amma bu müddətdə "Olimpiya dünyası” ictimaiyyətin yüksək rəğbətini qazanıb. Əlbəttə, bu da birbaşa əməkdaşların peşəkarlığı ilə bağlıdır. Şübhəsiz ki, peşəkarlıq olan yerdə uğur da olacaq. "Olimpiya dünyası” 15 ildir ki, dayanmadan xalqa xidmət göstərir. Ən böyük nailiyyət də elə budur. Qəzetinizin bütün yaradıcı kollektivinə uğurlar arzulayıram. 15 yaşın mübarək, "Olimpiya dünyası”.

Mahmud Mahmudov,
BDU-nun jurnalistika fakültəsinin, jurnalistikanın nəzəriyyəsi 
və təcrübəsi kafedrasının müəllimi

""Olimpiya dünyası” 15 il ərzində şərəfli bir yol keçib”

Ölkəmizdə Olimpiya Hərəkatının, bütövlükdə idmanın təbliği və inkişafına böyük töhfələr vermiş "Olimpiya dünyası” qəzetinin 15 yaşı tamam olur. Bu müddət ərzində rəngarəng materiallarla oxucuların görüşünə gələn qəzet idman həvəskarlarının rəğbətini qazanıb, həyatlarını idmana həsr edənlərin sevimlisinə çevrilib. Azərbaycanın idman həyatını daim diqqət mərkəzində saxlayan, beynəlxalq arenalarda baş verən idman hadisələri haqqında dolğun məqalələr dərc edən qəzetin məqsədyönlü fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, qəzet bir çox beynəlxalq mükafatlara layiq görülüb. "Olimpiya dünyası” qəzeti 15 il ərzində şərəfli bir yol keçib, ölkəmizdə Olimpiya Hərəkatının, idmanın təbliğinə layiqli töhfələr verib. Yarış meydanlarında baş verən hadisələri yüksək səviyyədə, peşəkarlıqla, idmana böyük məhəbbətlə təbliğ edib. Qəzetin kollektivini təbrik edir, ən xoş arzularımı bildirirəm.

Oqtay Bayramov,
"Xalq qəzet”inin əməkdaşı,
Əməkdar jurnalist

Ağacan Abıyev: "Kollektivinizin hər bir üzvü bizim üçün doğmadır”

"Olimpiya dünyası” qəzetinin 15 yaşı tamam olur. Fəaliyyət göstərdiyimiz bu illər ərzində qəzetimiz tanınmış idman mütəxəssisləri, idman ictimaiyyətinin nümayəndələri ilə sıx təmasda olub. Belə şəxslərdən biri də Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyevdir. Təcrübəli mütəxəssislə budəfəki söhbətimiz qəzetimizin 15 illik yubileyi ilə bağlı oldu.

- Ağacan müəllim, bir neçə gündən sonra qəzetimizin 15 yaşı tamam olur. Nəşrə başlayan gündən bu qəzetin fəaliyyəti sizin gözünüzün qabağında olub. Çox istərdik ki, 15 il bundan əvvəl qəzetin nəşri ilə bağlı baş verən proseslərə nəzər salasınız.

- 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olunmağa başladı. Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliği istiqamətində çox böyük işlər görülüb. Həmin ərəfələrdə, yəni müstəqilliyimizin ilk illərində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qayıtdılar. Təlim-məşq prosesi üçün çox gözəl şərait yaradıldı. İdmanın müxtəlif növlərinin inkişafı üçün konkret addımlar atılmağa başlandı, federasiyalar gücləndirildi. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə başladı. Bununla da idman uğurlarımız günü-gündən artdı. Şübhəsiz ki, həmin vaxt bu uğurların ictimaiyyətə çatdırılması da diqqət mərkəzində idi. Qərara alındı ki, Milli Olimpiya Komitəsinin öz nəşri, öz qəzeti olsun. Rəhbərliyə bu barədə məlumat verildi. Bu təklif yüksək qiymətləndirildi. Nəticədə, "Olimpiya dünyası” qəzeti fəaliyyətə başladı. Bizim hər birimiz bu qəzetin uzunömürlü olacağına əmin idik. Qəzet öz işinin peşəkarı olan insanlara tapşırılmışdı. Yüksək bacarığa malik olan kollektivin sayəsində bu qəzet qısa zamanda böyük nüfuz qazandı. Qəzetin hər bir səhifəsində idman uğurlarımızla bağlı yazılar dərc edildi.

- Mühüm idman xəbərlərini necə əldə edirsiniz?

- Bu gün ölkəmizdə informasiya azadlığı var. Televiziya, radio və internet səhifələrində hər dəqiqə yeni xəbərlər eşidir və oxuyuruq. Amma qəzet bunlardan bir az fərqlənir. Qəzetdə yazılanlar dəyişilmir. O, bir sənədə bənzəyir. Bu səbəbdən yazılı mətbuat KİV-lər arasında daha məsuliyyətlidir. Hər hansı bir yazı qəzet səhifəsində nəşr olundusa, həmin yazıdakı səhvləri aradan qaldırmaq olmur. "Olimpiya dünyası” qəzetini ərsəyə gətirən kollektiv bu məsuliyyəti yaxşı başa düşür. Qəzetdə obyektivlik qorunur, baş verən hadisələr olduğu kimi yazıya çevrilir, oxucuya çatdırılır. Burada təhrif və qərəzə rast gəlməmişəm. Elə buna görə də "Olimpiya dünyası” idman mətbuatları arasında liderdir. Geniş formatda olan qəzetin səhifələrində hər bir idman növü barəsində dolğun məlumatlar yer alır. Bunu tərif üçün demirəm. Bir rəhbər kimi deyil, oxucu kimi fikirlərimi sizinlə bölüşürəm. Deyə bilərəm ki, Azərbaycan idmanı barədə məlumatların əksəriyyətini məhz "Olimpiya dünyası” qəzetindən əldə edirəm.

- Qəzetimizdə daha çox hansı yazıları oxuyursunuz?

- Düzünü desəm, imkan və vaxt olan kimi, hər bir səhifədə yer alan xəbərləri gözdən keçirirəm. Lakin, Olimpiya Oyunları və Olimpiya Hərəkatı, uşaq və yeniyetmə idmanı, milli-mənəvi tərbiyə ilə bağlı yazıları daha çox bəyənirəm. Qəzetdə imkan yaradılıb ki, idman mütəxəssisləri də öz qələmini sınasın. Bu, təqdirəlayiq hadisədir. Bu işi sona qədər davam etdirmək lazımdır. Hesab edirəm ki, 15 il ərzində qəzetiniz ictimaiyyətə təsir edə biləcək və onlara bol informasiya çatdıracaq səviyyəyə çatıb. Bu isə böyük uğurdur.

- Yubiley ərəfəsində "Olimpiya dünyası”na arzularınız. Növbəti illərdə qəzetdə nəyi görmək istərdiniz?

- Kollektivinizin hər bir üzvü bizim üçün doğmadır. Nə qədər gərgin iş cədvəlimiz olsa belə, əməkdaşlarınız üçün vaxt ayırmağa çalışırıq. Unutmayın ki, minlərlə oxucu sizin yazılarınızı oxuyur. Etibarlı və dəqiq informasiyanı sizdən alırlar.
Jurnalistika çox çətin və şərəfli peşədir. Burada insandan məsuliyyət, savad və intellektual səviyyə tələb olunur. Bu sahənin nümayəndələri, təbii ki, peşəkarlardan söhbət gedir, insanlara təsir etmək iqtidarındadırlar. Həkimlər kimi, jurnalistlər də ürəyə, beyinə yol tapa bilirlər. Buna görə də, çalışmaq lazımdır ki, qəzetdə dərc etdiyin materiallarla insanlara xoş təsir bağışlaya biləsən.
"Olimpiya dünyası”nı 15 illik yubiley münasibətilə təbrik edirəm. Çalışın, tutduğunuz yolda daim irəlidə olasınız. Əldə etdiyiniz uğurlarda hər birinizin payı var. Çünki qəzet kollektiv əməyin məhsuldur.
Anar Əhmədov

"Olimpiya dünyası” qəzeti öz səhifələrində 
idmanın bütün növlərinin təbliğinə yer ayırır

İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı bu sahənin təbliği baxımından kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət qoyur. İdmanın Olimpiya və qeyri-Olimpiya növlərinə eyni səviyyədə diqqət ayıran "Olimpiya dünyası” qəzeti nəşrə başladığı ilk gündən etibarən atletlərimizin əldə etdiyi yüksək uğurların və nailiyyətlərin ictimaiyyətə çatdırılmasında uğurla fəaliyyət göstərir. Azərbaycanın idman mətbuatı aləmində özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” qəzeti öz səhifələrində bütün idman növlərinin təbliğinə və idmançılarımızın qazandıqları uğurların işıqlandırılmasına həmişə yer ayırıb.
Yubiley münasibətilə qəzetin bütün kollektivini təbrik edir, gələcək yaradıcılıq işlərində uğurlar arzu edirəm.

Adil Əliyev,
millət vəkili
Azərbaycan Kikboksinq Federasiyasının
prezidenti


"Dövlətimizin idman siyasətinin təbliğində 
"Olimpiya dünyası” qəzeti aparıcı rol oynayır”

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dövlətimizin idman siyasətinin təbliğində "Olimpiya dünyası” qəzeti aparıcı rol oynayır. 15 il bundan əvvəl işıq üzü görən bu qəzet idmançılarımızın istər ölkəmizdə, istərsə də beynəlxalq arenalarda qazandıqları uğurlar barədə operativ məlumat yayır. Qəzetin kollektivini ad günü münasibətilə təbrik edir, bu şərəfli işdə uğurlar arzulayıram.
Rəfiqə Şabanova,
Olimpiya çempionu

"Qəzetinzin yaşı 4 Olimpiya dövrünü əhatə edir”

"Olimpiya dünyası” qəzeti artıq 15 ildir ki, oxucularının görüşünə gəlir. Düşünürəm ki, qəzetiniz qarşıya qoyduğu məqsədə çata bilib və öz ərtafına kifayət qədər oxucu kütləsi yığa bilib. "Olimpiya dünyası”nın yaşı 4 Olimpiya Oyunlarının (Afina-2004, Pekin-2008, London-2012, Rio-2016) dövrünü əhatə edir. Olimpiada zamanı yarışların birbaşa işıqlandırılması, qələbə qazanan idmançılarla müsahibələrin verilməsi kollektivin peşəkarlığından xəbər verir. Ölkədə idman və Olimpiya Hərəkatının təbliğinə geniş yer ayıran, olimpiyaçıların nailiyyətlərini işıqlandıran, geniş ictimaiyyə çatdıran məhz, bu qəzetdir. Ölkə idmanında uğurlarımız çox olsun və siz qazanılan nailiyyətləri qəzetinizin səhifələrində işıqlandırasınız. Qəzetinizin kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıclıq uğurları arzulayıram.
Fərid Mansurov,
Olimpiya çempionu


"Qəzet öz səhifələrində idmanın bütün növlərinə 
geniş yer ayırır”

15 il ərzində "Olimpiya dünyası” qəzeti bir neçə onilliyə bərabər işin öhdəsindən layiqincə gəlib. Qəzet öz səhifələrində idmanın bütün növlərinə geniş yer ayırır, beynəlxalq arenalarda ölkəmizin şərəfini ləyaqətlə qoruyan idmançılarımızın nailiyyətlərini öz səhifələrində əks etdirir. Fürsətdən istifadə edib, qəzetin kollektivini səmimi qəlbdən təbrik edirəm.
Lyudmila Şubina,
Olimpiya çempionu

"Hər zaman bu qəzetin
 sadiq oxucusuyuq”

"Olimpiya dünyası” qəzeti ilə uzun müddətdir əmkdaşlıq edirik. Hər zaman bu qəzetin sadiq oxucusuyuq. Etiraf edirik ki, Azərbaycan bodibildinqçilərinin uğurlarını işıqlandıran KİV-lər arasında "Olimpiya dünyası” liderlik edir. Hər bir yarışdan sonra, eləcə də təşkil etdiyimiz tədbirlərdə əməkdaşlarınız bizimlə əlaqə saxlayır, ətraflı məlumatlar hazırlayıb, oxuculara təqdim edirlər. Məhz buna görə qəzetin rəhbəriləyinə və yaradıcı kollektivinə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Azərbaycan idmanı yaşayıb, inkişaf etdikcə, qəzetiniz də bu uğurlardan bəhrələnib, uzunömürlü olacaq. 15 yaşınız mübarək!
Rauf Bünyatəliyev,
Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti


"Sizə böyük yaradıcılıq uğurları arzulayırıq”

Azərbaycanda Olimpiya Hərəkatının və idmanın təbliğində önəmli rol oynayan "Olimpiya dünyası” qəzetinin bu günlərdə 15 yaşı tamam olur. Nəşrinizin milli mətbuatda tutduğu yeri yüksək qiymətləndirmək lazımdır. Bu nəşr dövlət proqramlarının icrası ilə bağlı keçirilmiş idman yarışlarının, beynəlxalq və kütləvi tədbirlərin operativ və əhatəli şəkildə işıqlandırılmasında həmişə aparıcı mövqedə dayanmış ,ölkəmizdə idman jurnalistlərinin yetişməsində böyük rol oynamışdır. Federasiyamızın kollektivi adından 15 yaşınızı təbrik edir və sizə böyük yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Stolüstü Tennis Federasiyası


"Federasiyamızla qəzet uzun illərdir ki,
sıx əməkdaşlıq edir”

Azərbaycanda Olimpiya Hərəkatı və idmanın təbliğində böyük rolu olan "Olimpiya dünyası” qəzetinin 15 yaşı tamam olur. Bu müddətdə qəzet çox uğurlu yol keçib. Milli Olimpiya Komitəsinin rəsmi nəşri kimi Olimpiya ideallarına, dövlətimizin idman siyasətinə, Olimpiya Hərəkatına verdiyi töhfəyə xüsusi dəstəyi ilə seçilib. Bu il Azərbaycan Milli Avarçəkmə Federasiyası da 10 illik yubileyini qeyd edir. Federasiyamızla "Olimpiya dünyası” qəzeti uzun illərdir ki, sıx əməkdaşlıq edir. Bu qəzet gördüyümüz işlərin təbliğində böyük rol oynayıb, həyata keçirdiyimiz tədbirlərə daim dəstək olub. Qəzetinizin əməkdaşları Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil etdiyimiz Beynəlxalq "Prezident Kuboku” və Mingəçevir reqatalarını, habelə Bakı-2015 I Avropa Oyunları, Avropa və dünya çempionatlarında iştirak edən idmançılarımız barədə yazılar dərc edirlər. Həmçinin, Azərbaycan avarçəkənlərinin Rio-2016 Yay Olimpiya Oyunlarındakı çıxışları qəzetdə yüksək səviyyədə işıqlandırıb, qazanılan nailiyyətlər təhlili yazılarla təbliğ edilib.
"Olimpiya dünyası” qəzetini Azərbaycan Milli Avarçəkmə Federasiyasının kollektivi və idmançılarımız adından təbrik edir, gələcək fəaliyyətlərində bol-bol uğur və nailiyyətlər arzulayıram.
Elçin Zeynalov,
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti


""Olimpiya dünyası” qəzeti 
Olimpiya Hərəkatının tərkib hissəsidir”

Son vaxtlar ölkəmizdə Olimpiya Hərəkatı geniş vüsət alıb. Təsadüfi deyil ki, idmançılarımız müstəqillik illərindən iştirak etdiyi Yay Olimpiya Oyunlarında uğurlu çıxış edirlər. 15 yaşını qeyd edən "Olimpiya dünyası” qəzeti Olimpiya Hərəkatının tərkib hissəsidir. Çünki "Olimpiya dünyası” qəzeti ölkəmiz üçün önəmli olan Olimpiya Oyunlarını, dünya və Avropa çempionatlarını, bu yarışlarda iştirak edən idmançılarımızın çıxışlarını geniş işıqlandırır. Bu baxımdan qəzetin ölkəmizin idman mətbuatındakı fəaliyyəti ilə yanaşı, Olimpiya Hərəkatının inkişafında da xüsusi yer tutduğunu vurğulamalıyam. 2001-ci ildən işıq üzü görən qəzetinizin uğurlu bir yol keçdiyini hesab etmək olar. "Olimpiya dünyası” qəzeti rəhbərlik etdiyim Peşəkar Futbol Liqasının bayrağı altında təşkil olunan yarışları, eləcə də klublarımızın avrokuboklarda keçirdiyi görüşləri də ətraflı işıqlandırır. Arzu edirəm ki, qəzetiniz uzunömürlü olsun və idmanımızın inkişafı yolunda xidmətlərini əsirgəməsin.
Ramin Musayev,
Peşəkar Futbol Liqasının prezidenti


"Qəzet yarandığı ilk gündən idmançılarımızın
uğurlu çıxışlarını xalqımıza çatdırır”

"Olimpiya dünyası” qəzetini 15 yaşı olması münasibətilə təbrik edirəm. Qəzet yarandığı ilk gündən idmançılarımızın uğurlu çıxışlarını xalqımıza çatdırır. Son üç Olimpiya Oyunlarında, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında "Olimpiya dünyası” qəzetinin fəaliyyəti özünəməxsusluğu ilə fərqlənib. Qəzetinizin kollektivinə ən xoş arzularımı çatdırır, sizin simanızda bütün əməkdaşlarınızı təbrik edirəm.
Qabil Mehdiyev,
"İdman” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

"Redaksiyanın əməkdaşlarının hər gün necə
əzmkarlıqla çalışdıqlarının şahidiyəm”

"Olimpiya dünyası” qəzeti ilə qonşuyuq. Redaksiya rəhbərlik etdiyim məktəb ilə eyni binada yerləşir. Redaksiyanın əməkdaşlarının hər gün necə əzmkarlıqla çalışdıqlarının şahidiyəm. Qəzetin peşəkar, öz işini dərindən bilən, səmimi kollektivi var. Bu sözləri elə-belə demirəm. Kollektivin üzvlərini yaxından tanıyıram. "Olimpiya dünyası” ölkə idmanı barədə məlumatları obyektiv şəkildə işıqlandırır. Qəzetin əməkdaşları operativ işləyirlər. Bizim üçün doğma olan "Olimpiya dünyası”nın nəşrə başlamasından 15 il keçir. Mən qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıram. Qoy bu qəzet idman mediasında aparıcı rolunu hər zaman qorusun.
Kazbek Tuayev,
Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 
Uşaq-Gənclər İdman Məktəbinin direktoru


"Qəzetin fəaliyyəti təqdirəlayiqdir”

"Olimpiya dünyası” qəzeti fəaliyyətinin 15 ili ərzində oxucuların sevimli qəzetinə çevrilibdir. Qəzetinizin daimi oxucusu kimi ölkə idmanında baş verən bütün hadisələri və yenilikləri dolğun əks etdirməyiniz mənim çox xoşuma gəlir. İdman və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində gördüyünüz işlər, bir sözlə, qəzetin fəaliyyəti təqdirəlayiqdir.
Peşəkar jurnalist kimi sizin kollektivin əməyini yüksək qiymətləndirir və gələcək işlərinizdə sizə yeni yaradıcılıq uğurları arzu edirəm.
Çingiz İsmayılov,
Futbol veteranı

Digər yazılar