Güləş üzrə komandalarımız yarışı gümüş medalla başa vurdular

Güləş üzrə komandalarımız yarışı gümüş medalla başa vurdular



Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə qitələrarası Alrosa kubokuna yekun vurulub.

"Olimpnews.az" xəbər verir ki, komanda yarışı xarakteri daşıyan beynəlxlaq turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri də qüvvələrini sınayıblar.

Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistan komandaları ilə B yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşıb. Bu görüş də 3:3 hesablı bərabərliklə tamamlanıb. Xalların keyfiyyətinə görə isə qalib Rusiya yığması olub. Güləşçilərimiz turniri gümüş medalla başa vurub.

Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı ilə məğlub olsa da, Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı qələbə ilə ayrılıb. Dairəvi mübarizə sisteminin ən yaxşı iki komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən qarşı-qarşıya gəlib. Görüş 3:3 hesabı ilə başa çatsa da xalların keyfiyyətinə görə 17:9 irəlidə olan Rusiya yığması qalib olub. Qadın güləşçilərimiz turniri də yarışdan ikinci ayrılıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus komandası ilə qarşılaşıb. 2:4 hesabı ilə uduzan yığmamız digər qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3 olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn komandamız turnirin bürünc mükafatına layiq görülüb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib