Səmt idmanı üzrə açıq kubok yarışları başlayır

Səmt idmanı üzrə açıq kubok yarışları başlayır


Azərbaycan Respublikasının Səmt İdmanı Federasiyası (AR SİF) mayın 10-12-də Nabranda müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq səmt idmanı üzrə beynəlxalq yarışlar keçirəcək. Gənclər və İdman Nazirliyi ilə birlikdə, Vergilər, Mədəniyyət və Turizm Nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Xaçmaz Rayon İcra Hakimiyyəti, habelə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək açıq kubok yarışları ümummilli lider Heydər Əliyevin 90 illiyi şərəfinə həs olunacaq. Yarışlar Beynəlxalq Səmt İdmanı Federasiyası nümayəndələrinin iştirakı ilə bu idman növü üzrə mövcud olan bütün beynəlxalq norma və standartlara müvafiq qaydada keçiriləcək.
Yarışlar xarici mütəxəssislərin hazırladığı üç (Azərbaycan Respublikasında mövcud olan 11 xəritədən) yeni idman xəritəsi üzrə təşkil ediləcək. Heydər Əliyev adına kubok yarışları Ukrayna, Rusiya və Türkiyə hakimləri ilə təmin olunacaq. Yarışda bu günədək Azərbaycanın müxtəlif nazirlikləri, baş idarələri, təşkilatları, ali, orta məktəbləri və şirkətlərini təmsil edən 25-dək komandanın iştirakı nəzərdə tutulur. Bundan başqa, Türkiyə, Ukrayna, Moldova, Rusiya və Gürcüstandan da komandalar və ayrı-ayrı idmançılar kubok yarışlarında iştirak etmək istədiklərini bildiriblər. Skandinaviya, habelə Avropa İttifaqı ölkələrindən idmançıların iştirakı da nəzərdə tutulub.
Yarışların proqramında mayın 10-da Xaçmazda AR SİF rəhbərliyi tərəfindən nazirliklərin və baş idarələrin, habelə Xaçmaz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasındakı diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülməsi nəzərdə tutulur.
Həmin gün Nabrandakı "Atlant” hotelində Heydər Əliyev adına beynəlxalq kubokun təntənəli açılış mərasimi olacaq. Mərasim bitdikdən sonra iştirakçılar, habelə Azərbaycanda səmt idmanı həvəskarları üçün geniş mədəni proqram təşkil ediləcək.
Mayın 11-12-də Yalama qəsəbəsindən Xəzər dənizi sahilində yerləşən "Xəzər” turist bazasınadək idman qaçışları təşkil olunacaq. Uzaq məsafələrə - kişilər üçün 10,6 km, qadınlar üçün 7,1 km məsafəyə (11 may), habelə qısa məsafələrə - kişilər üçün 4,05 km və qadınlar üçün 3,1 km məsafəyə (12 may) qaçışlar keçirilməsi nəzərdə tutulur. Yarışların təşkilatçıları öz məşğələlərini səmt idmanı ilə başlayanlar üçün "OPEN” kateqoriyalı xüsusi məsafə hazırlayacaqlar. Onlar qalibləri və mükafatçıları komanda və şəxsi hesabda bütün kateqoriyalar üzrə medallar, diplomlar, habelə qiymətli hədiyyələrlə mükafatlandırmağı nəzərdə tutublar.
AR SİF arzu edənlərin hamısını yarışlarda iştirak etməyə, idman və sağlam həyat tərzi həvəskarlarını isə göstərilən idman bayramına qoşulmağa və istirahət günlərində Azərbaycanın ekoloji cəhətdən ən təmiz regionlarından birindəki meşəlikdə gümrahlıq, sağlamlıq və yaxşı əhval-ruhiyyə əldə etməyə çağırıb.