Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib

Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov dünən mətbuat konfransı keçirib.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə çıxış edən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Azərbaycan idmançılarının 2016-cı ilin ilk 9 ayında 512 medal əldə etdiklərini bildirib. Bu medallardan 121-i qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər. Fərid Mansurov idmançı kimi mərhələlər keçdikdən sonra yeni vəzifəyə təyin olunmağın şərəfli və məsuliyyətli iş olduğunu qeyd edib. "Bu gün Azərbaycanı dünyada idman ölkəsi kimi qəbul edirlər. Bu mənada qazandığımız medalların sayının ilin sonuna qədər artacağına şübhə etmirik. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri olmaq həm maraqlı, həm də məsuliyyətlidir. Məqsədimiz daha yüksək nəticələr əldə etməkdir. Bu mənada əsas diqqətimizi idman məktəblərinə yönəldəcəyik. Bu vəzifəyə təyin olunduqdan sonra idman məktəblərinin rəhbərləri ilə söhbət etdim. Əgər hansısa idman növündə məşqçi öz sahəsi üzrə məşğul olmursa, bunun qarşısı alınmalıdır. Çünki belə hallar idmanımızın zəifləməsinə aparıb çıxara bilər. Çox təəssüf ki, belə hallar var və bunların qarşısını qısa vaxtda almağa çalışacağıq”, - deyə o bildirib.

Fərid Mansurov yerlərdə rayon icra hakimiyyəti orqanlarının idmanın inkişafı istiqamətində çalışmasının vacibliyini vurğulayıb. O, etimadı doğrultmayan, problemlər yaşayan federasiyalara yeni prezidentlərin seçilməsinin mümkünlüyünü də açıqlayıb.

Fərid Mansurov sonda jurnalistlərin suallarını cavablandırıb.