Mingəçevirdə bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok keçiriləcək

Mingəçevirdə bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok keçiriləcək




Bədii gimnastika növünün təmsilçiləri bu dəfə Mingəçevir şəhərində bir araya gələcəklər. Belə ki, noyabrın 18-19-da burada bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok keçiriləcək.

"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki gün davam edəcək yarışlarda balacalar (2006-2008), yeniyetmələr (2004-2005) və gənclər (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edəcək. Yarışda "Ocaq Sport” İdman Klubunun, Respublika Kompleks İdman Məktəbnin, Bakı Gimnastika Məktəbinin, Sərhədçi İdman Olimpiya Mərkəzinin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, "Gömrükçü” İdman Klubunun, "Təhsil” Respublika İdman Məktəbinin Sumqayıt filialının, Xırdalan şəhərinin "Zirvə” Klubunun, eləcə də Gəncə və Qusar şəhərlərinin, Kürdəmir və İsmayıllı rayonlarının gimnastları qüvvələrini sınayacaqlar.

Yarışda əvvəlcə gimnastlar fərdi proqramda öz bacarıqlarını nümayiş etdirəcəklər. Balaca gimnastlar alətsiz, ip, halqada, yeniyetmələr halqa, top, gürzlər və lentlərdə, gənclər ip, halqa, top və gürzlərdə medallar uğrunda yarışacaqlar. Fərdi gimnastların çıxışından sonra mübarizəyə qrup hərəkətləri komandaları qoşulacaqlar.

Bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan qonaq gəlmiş idmançılar da çıxış edəcəklər. Gimnastlarımız hər iki yarış günündə öz nümunəvi çıxışları ilə tamaşaçıları sevindirəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaq.