Firdovsi Umudov: “Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik”

Firdovsi Umudov: “Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik”



Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Sayca 9-cu dəfə təşkil olunacaq yarış Bakı İdman Sarayında baş tutacaq. Turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

"Olimpnews.az" xəbər verir ki, noyabrın 16-da Olimpiya Güləş Mərkəzində Yarışa ciddi hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi keçirilib. 

Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın keçmiş böyük məşqçisi, hazırda baş məşqçi əvəzi vəzifəsinə təyinat alan Firdovsi Umudov heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib. Təcrübəli məşqçi deyib: "Komanda mənə çox doğma və yaxındır. Uşaqların hamısını yaxşı tanıyıram, onlar də məni. 2007-2008-ci illərdə çalışdırdığım yeniyetmələr indi əsas yığmanın üzvləridir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərovu misal göstərə bilərəm. İdmançılarımızın psixologiyasını, onlara yanaşma tərzini çox gözəl bilirəm. Hazırlıq prosesində də çatışan və çatışmayan cəhətlərə yaxşı bələdəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. 

Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacağam ki, idmançıları düzgün analiz edim və doğru qərar verim. Ümumiyyətlə, əsas məqsəd milli komandaya yeni nəfəs gətirməkdir. Bilirsiniz ki, güləşsevərlər, xalqımız daim yarışlarda yeni simalar, güclü güləşçilər görmək istəyir. Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik. İndidən təməli möhkəm qoysaq, gələcəkdə bunun bəhrəsini görəcəyik. Hazırda komandada rəqabət çox güclüdür. 

Dünya Güləş Birliyinin qərarına əsasən, "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində hər çəkidə 3 güləşçimiz çıxış edə bilər. Bəzi çəkilərdə 4-5 pəhləvanımızın iştirakı planlaşdırılır. Təlim-məşq toplanışlarında hamısını nəzərdən keçirmişik, yoxlamışıq. Onlar yarışlara tam hazırdırlar. Bilirsiniz, güləşçilərimizdə ilk növbədə vətənə sevgi olmalıdır. Demək olar, hər məşqdən əvvəl bu barədə onlarla söhbətimiz olur. Onlar dərk etməlidirlər ki, beynəlxalq arenalarda ölkəmizi təmil edirlər, daim bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışmalıdırlar. Vətənə sevgi olsa, uğurlarımızın sayı da atacaq. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi idmançılarımızın yaxşı nəticələr qazanması üçün əlindən gələni edir. Bizim də məqsədimiz etimadı doğrultmaqdır".

Qeyd edək ki, proqrama əsasən, sərbəst güləşçilər yarışların ilk günündə mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.