“Neftçi İdman Klubu”nun idman xronikası

“Neftçi İdman Klubu”nun idman xronikası
Voleybol

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I dövrəyə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Naxçıvan Olimpiya Kompleksində təşkil olunan yarışın V turunda "Neftçi İdman Klubu”nun komandası "Naxçıvan”la üz-üzə gəlib. Gərgin keçən görüşdə qonaqlar 3:0 (25:16, 25:18, 25:17) hesablı qələbə qazanıblar. Beş qarşılaşmanın hər birində qələbə qazanan "Neftçi İdman Klubu”nun komandası liderlik edir - 15 xal.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti iki dövrənin dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk yarşıda 4 ən yaxşı göstəriciyə malik komanda mart ayında keçiriləcək yarımfinala vəsiqə qazanacaq. Final qarşılaşması isə aprel ayında təşkil olunacaq.

Futbol

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda X turun oyunları keçirilib. Bu turda "Qaradağ-Lökbatan” komandasının rəqibi "Bakılı” olub. "İnter Arena”da təşkil olunan oyun komandamızın üstünlüyü şəraitində keçib. Matçın 39-cu dəqiqəsində Sabir Allahquliyev matçda ilk qolu vurub. Fasiləyə qədər hesab 2 topa çatıb. İkinci hissədə "Bakılı” toplardan birinin əvəzini çıxıb. Rəqib onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Amma bu oyunda vurulan son qol olmayıb. Hakim bu dəfə "Bakılı”ların qapısına onbirmetrlik cərimə zərbəsi təyin edib. "Qaradağ-Lökbatan” futbolçuları bir imkandan yararlana biliblər. Beləliklə, qarşılaşma "Qaradağ Lökbatan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

"Neftçi İdman Klubu”nun aşağı yaş qruplarında mübarizə aparan futbolçuları növbəti görüşlərini keçiriblər. U-10, U-11, U-13 və U-14 komandalarımız bu turda rəqiblərinə böyükhesabla qalib gəliblər. AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatda komandalarımız qarşılaşmalardan bu nəticələri göstəriblər:

U-10 Liqası: "Neftçi” İK - AZAL PFK - 4:0
U-11 Liqası: "Neftçi” İK - "Şirvansaray” FK - 3:3
"Neftçi” İK (Siyəzən) - "Yalama” (Xaçmaz) - 21:0
U-12 Liqası: "Neftçi” İK - "İnter” PİK - 3:0
Coca-Cola U-13 Liqası: AZAL PFK - "Neftçi” İK - 1:5
U-14 Liqası: "Neftçi” İK - "Xəzri” İK - 6:0
UGİM (Neftçala) - "Neftçi” İK (Neftçala) - 2:3
Boulevard Hotel U-15 Liqası: "Neftçi” İK - "Neftçi” PFK - 2:1
U-16 Liqası: "Neftçi” İK - "Vətən” FM - 1:2

Cüdo

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək olar. Belə ki, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində liderliklərini davam etdirirlər. Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. Əbu-Dabidə keçirilən "Böyük dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) 7-ci pilləyə yüksəlib. Nicat Şıxəlizadə (66 kq) də öz çəkisində eyni pillədə qərar tutub. İlqar Müşkiyev (60 kq) mövqeyini xeyli yaxşılaşdıraraq, 13-cü pillədə qərarlaşıb. Digər cüdoçumız Məmmədəli Mehdiyev (90 kq) isə 20-ci sıradadır.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti