Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
"Olimpnews.az” xəbər verir ki, noyabrın 18-də bu mötəbər yarışa hazırlaşan qadın güləşi üzrə milli komandanın mətbuat üçün açıq məşqi olub.
Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın baş məşqçisi Semyon Çterev heyətdə əsasən gənclərə yer verəcəklərini bildirib.
Baş məşqçi bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Nataliya Sinişin (53), eləcə də London-2012-nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turnirdə istirahət edəcəklər. Əvəzində Türkan Nəsirova (44 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin, hazırlığa yeni başlayan və "Tokio-2020"də iştirakı gözlənilən gənclərə də şans veriləcək.
S.Çterev qarşıdakı yarışın dekabrın 10-11-də Macarıstanın paytaxtı Budapeştdə qeyri-Olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib: "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir. Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində - 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik. Artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra növbəti olimpiada barədə düşünürük. Komandamızı qızıl medal qazanması üçün hazırlayırıq".
"Qızıl Qran Pri"nin final mərhələsində hər çəki dərəcəsində 3 güləşçinin yer alacağını deyən baş məşqçinin fikrincə, Azərbaycanda qadın güləşi yüksəlişə doğru gedir: "Növbəti olimpiadada qadın güləşi üzrə yığmamızın kişilərdən də yaxşı çıxış edə bildiyini göstərmək istəyirik. Bunun üçün potensialımız, gənc güləşçilərimiz də var".
Qeyd edək ki, proqrama əsasən, qadın güləşçilər yarışların ikinci günündə mübarizə aparacaqlar. Noyabrın 24-də sərbəst, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək