Yunan-Roma komandasının açıq məşqi keçirilib

Yunan-Roma komandasının açıq məşqi keçirilib



Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Milli yığmamızın üzvləri bu mötəbər yarışa ciddi hazırlaşırlar.

Sərbəst və qadın güləşü üzrə komandaların ardınca bu gün Bakı Olimpiya Mərkəzində yunan-Roma güləşi üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

"Olimpnews.az” xəbər verir ki, məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın baş məşqçi əvəzi Akif Əliyev Olimpiya mükafatçıları Rəsul Çunayev, Rövşən Bayramov və Sabah Şəriətinin turnirdə iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, Rio-2016 Yay Olimpiya Oyunlarında 66 kq çəkidə bürünc medal qazanan R.Çunayev zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacaq: "Rəsul zədəlidir, Türkiyədə əməliyyat olunub və hazırda oradadır. Həkim nəzarəti altında bərpa prosesi keçir. Bir müddət güləşə bilməyəcək. Amma gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək.

Akif Əliyev Rio-2016-nın bürünc mükafatçısı S.Şəriəti və London-2012-nin gümüş medalçısı R.Bayramovun da zədə səbəbindən turnirdə çıxış etməyəcəyini və buna həkimlər tərəfindən qərar verildiyini deyib.

A.Əliyev "Qızıl Qran Pri"yə hazırlıqla bağlı da danışıb: "Məşqlər ciddi şəkildə davam edir. Çalışacağıq ki, komandamız bu yarışda layiqincə təmsil olunsun. Hazırda qırğızlarla birgə təlim-məşq toplanışı keçirik. İdmançılar öz məsuliyyətlərini yaxşı başa düşürlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəkidə üç güləşçimiz çıxış edəcək”.