Mariana Vasileva: “Bədii gimnastika Azərbaycanın regionlarında da inkişaf etdirilir”

Mariana Vasileva: “Bədii gimnastika Azərbaycanın regionlarında da inkişaf etdirilir”



Bədii gimnastika Azərbaycanın regionlarında da inkişaf etdirilir.

"Olimpnews.az” xəbər verir ki, bu sözləri noyabrın 18-19-da Mingəçevirdə bədii gimnastika üzrə keçirilən 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları zamanı Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Mariana Vasileva Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsində dedi. 
O bildirdi ki, bədii gimnastikanın artıq yalnız paytaxtda deyil, regionlarda da inkişaf etdirilməsindən olduqca məmnundur. Baş məşqçi yaxın gələcəkdə regionlarda adıçəkilən idman növünün bölmələrinin sayının artırılmasından da danışdı: "Mingəçevirdə bədii gimnastika bölməsi 6 ay bundan öncə yaradılıb. İlk günlərdən bölməyə yazılmaq üçün 240 nəfər müraciət etmişdi. Lakin bir məşqçinin onların hamısı ilə məşğul ola bilməyəcəyini nəzərə alaraq biz seçim aparmalı olduq və onların arasında 70 nəfər saxladıq. Artıq 3-cü ildir ki, biz Azərbaycan birinciliyi və bəlgələrarası kuboku bir yerdə keçiririk. Bu il yarışda 6 regiondan 50-dən çox, ümumilikdə isə 100-dən çox gimnast iştirak edir. Qürurla demək istəyirəm ki, Azərbaycanın artıq 12 bölgəsində - Naxçıvan, Qobustan, İsmayıllı, Kürdəmir, Göyçay, Şirvan, Qusar, Mingəçevir və bölgələrdə bədii gimnastika inkişaf edir, digər rayonlarda isə biz tezliklə daha 13 bölmə açmağa hazırlaşırıq".

Baş məşqçinin sözlərinə görə, bu yarışlar yığmanın tərkibinə perspektivli gimnastların cəlb edilməsində mühüm rol oynayır. Gimnastların səviyyəsi də ildən-ilə artır və perspektivli idmançılar yetişir. Mariana xanım məşqçilərin razı qaldığını və birgə işin bədii gimnastikanın daha da inkişafına təkan verdiyini vurguladı.
Mariana Vasileva Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək heyətin dəyişmədiyi barədə də məlumat verdi: "Əsas heyət dəyişməyib. Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova olimpiadaya lisenziya uğrunda mübarizə aparacaqlar. Gənclərdən isə Aliyə Paşayeva, Zeynəb Hümbətova, Simara Cəfərova, Ayna Cəfərova arasından əsas komandaya seçim edəcəyik. Marina Durunda Rio-2016-da finala çıxdı və 9-cu oldu. Növbəti dəfə onun mükafatçılar sırasında yer alması üçün əliməzdən gələni edəcəyik".

Azərbaycan Gimnastika Federasiyasının Avropa federasiyaları arasında ilk beşlikdə yer aldığını sevindirici hal kimi qiymətləndirən Mariana Vasileva gələn il ölkəmizdə gimnastika üzrə 3 Dünya kubokunun təşkil olunmasından danışdı: "Paytaxt Bakı fevralda batut, martda idman gimnastikası, aprelin sonunda isə bədii gimnastika üzrə Dünya kubokuna ev sahibliyi edəcək. Bu yarışlar olimpiadaya lisenziya xarakteri daşıyır. Bundan başqa gimnastlarımız gələn il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da qüvvəlıərini sınayacaqlar”.






Bakı-Mingəçevir-Bakı 
Səadət Hakıyeva
 Azər Əlizadə