Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsi ölkədə idman turizminin özünəməxsus inkişafına kömək edir.
"Olimpnews.az” xəbər verir ki, bu sözləri noyabrın 18-19-da Mingəçevirdə bədii gimnastika üzrə keçirilən 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov yarışla bağlı jurnalistlərə açıqlamasında dedi. O bildirdi ki, bu yarış federasiyanın regionlarda keçirdiyi ilk turnir deyil. Azərbaycan Gimnastika Federasiyası yalnız paytaxtda deyil, regionlarda da bədii gimnastikanın inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür, müəyyən tədbirlər həyata keçirir.
Gimnastikanın hər 6 növü üzrə hər il Azərbaycan birinciliyi və çempionatı keçirildiyini qeyd edən federasiyanın baş katibi dedi: " Bu il biz Bakıda 3 dünya kuboku yarışı keçirmişik. Kifayət qədər çox işimiz olub, Avropa çempionatları və olimpiadada iştirak etmişik, ona görə yerli yarışları ilin sonunda təşkil etməyi planlaşdırdıq. Federasiyamız çempionatı və birinciliyi heç olmasa ildə bir dəfə Bakıdan kənarda keçirməyə çalışır ki, yerli sakinləri, uşaqları gimnastika bölməsinə cəlb edə bilsin. 6 ay bundan əvvəl Mingəçevirdə bədii gimnastika üzrə bölmə yaradanda bu cür müsbət nəticə olacağını gözləmirdik. Yarış yüksək səviyyədə keçirilir, kifayət qədər tamaşaçı var. Bu yarışın üstün cəhətlərindən biri də odur ki, yerlərdə istedadlı gimnastları aşkar etmək mümkündür. Biz yekun ballara görə 2 gimnastı Bakıya aparmaq və onları məşqlərə cəlb etmək fikrindəyik. Kiçikyaşlı olmalarına baxmayaraq biz onların böyük potensialı olduğunu görürük".
Fərid Qayıbov Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsini ölkədə idman turizminin özünəməxsus inkişafına kömək etdiyini də vurguladı: "Artıq bizdə özünəməxsus idman turizmi formalaşmağa başlayıb. Mən çox şadam ki, insanlarımız gimnastikanı sevirlər. Bu, bir günün deyil, çox illik zəhmətin nəticəsidir".
Bakı-Mingəçevir-Bakı
Səadət Hakıyeva
Azər Əlizadə