Tələbə idmançıların spartakiadası davam edir

Tələbə idmançıların spartakiadası davam edir


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru tərəfindən təsdiq olunan plana uyğun olaraq akademiyada geniş tədbirlər keçirilir.
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş spartakiada belə tədbirlərdəndir. Aprelin 17-də keçirilən spartakiadanın açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru professor Ağacan Abiyev bildirdi ki, respublikanın müstəqilliyə keçid dövründə Azərbaycan gəncləri üçün çətinliklər, şübhəsiz, mövcud idi. "Lakin 1993-cü ilin 15 iyununda xalqın çağırışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin xususi diqqəti və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı. O vaxt Azərbaycanda çox problemlər var idi. Birinci növbədə, xaosa, hərc-mərcliyə son qoymaq, Azərbaycanda ictimai-siyasi sabitlik yaratmaq lazım idi. Heydər Əliyev ölkəmizdə sabitliyin əsasını qoydu.
Dahi şəxsiyyətin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ümummilli lider idmançıların cəmiyyətdəki rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə çalışan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının tikilməsi, zəruri avadanlıqlarla təchizatı daxil idi. İdman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi ümummilli liderin daim diqqət mərkəzində olub. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması da bu tədbirlər planında yer almışdı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq, idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Heydər Əliyev əhalinin kütləvi idmanla daha geniş şəkildə məşğul olması üçün Azərbaycan bölgələrində idman qurğularının tikintisinin sürətləndirilməsini qarşıya bir vəzifə qoymuşdu. Təsadüfi deyil ki, 1993-2003-cü illərdə Azərbaycanda 13 Olimpiya İdman Kompleksi tikilib istifadiyə verildi.
14 avqust 1996-cı ildə Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşdə Prezident Heydər Əliyev demişdi: "Şəxsən mən söz vermişəm və indi də təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Ulu öndər Heydər Əliyev Azərbaycanda idman və bədən tərbiyəsi sahəsinin inkişafına, bu sahədəki problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, - deyə o davam etdi. Spartakiadanın 15 idman növü üzrə keçirilməsində əsas məqsəd kütləvi tələbə idmanının yüksək səviyyədə inkişaf etdirilməsi, tələbələrin idman ustalığının təkmilləşdirilməsi, vətənin müdafiəsinə hazıram (VMH) normalarının yerinə yetirilməsi, idman növləri üzrə akademiyanın yığma komandalarının müəyyənləşdirilməsidir. Spartakiadaya hazırlıq işləri və onun aparılmasına rəhbərlik akademiyanın Elmi Şurası tərəfindən təsdiq edilmiş Təşkilat Komitəsi və baş hakimin bilavasitə iştirakı ilə həyata keçirilib.
Spartakiadanın proqramına daxil olan bütün idman növləri üzrə yarışların keçirilməsi hakimlər kollegiyasına və kafedralar tərəfindən təyin edilmiş idman növləri üzrə hakimlər briqadasına tapşırılıb. Spartakiadada akademiyanın bütün tələbələri iştirak edirlər. Yuxarıda qeyd olunan iştirakçılarla yanaşı, yarışlarda akademiyanın müəllim və texniki işçiləri ayrıca komanda kimi və şəxsi yarışlarda mübarizə aparacaqlar.


Voleybol, basketbol və həndbol kimi idman növləri üzrə həmin kafedraların I-IV kurs tələbələrindən təşkil olunmuş komandaları da yarışlara qoşulublar.
Bu yarışlar ( basketbol, həndbol, voleybol və futbol) dairəvi üsulda (bir dövrədə) kişi və qadın komandaları arasında aparılır.
Komandaların tutduğu yerlər bütün oyunlarda toplanan xallarla təyin edilir. Komandaya qələbəyə görə 2, heç-heçəyə görə 1 xal verilir. İki komanda eyni xal toplayarsa, qalib bu komandaların arasında olan görüşdəki nəticəyə görə müəyyən edilir. Qalan idman növləri üzrə yarışlar yalnız şəxsi xarakterlidir. Kompleks hesablamada kurslar arasında birincilik iştirakçıların şəxsi və komanda yarışlarında topladığı xalların sayına görə təyin edilir.
Komanda yarışlarının qalibləri (1 yer) və qalan idman növləri üzrə şəxsi yarışların qalibləri (I-III yerlər) qiymətli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.



Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş spartakiada, tələbə idmanının bütün bölmələrində inkişaf səviyyəsinə bir baxış kimi 2013-cü il aprelin 17-dən başlayaraq, mayın 8-nə kimi davam edəcək. Mayın 3-də final yarışları keçiriləcək. Mayın 8-də isə akademiyanın akt zalında spartakiadanın qaliblərinin mükafatlandırılması olacaq.