Güləşçilərimiz ilk gündə 7 medal qazanıblar

Güləşçilərimiz ilk gündə 7 medal qazanıblar





Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.

Turnirin ilk günündə idmançılarımız 7 medal qazanıblar.

50-dən çox ölkədən 700-ə yaxın güləşçinin mübarizə apardığı turnirin birinci günündə sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə yığmamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüb.

Turnirə noyabrın 26-da yekun vurulacaq.