“Olimpiya dünyası” 15 ildir idmanı və Olimpiya Hərəkatını təbliğ edir

“Olimpiya dünyası” 15 ildir idmanı və Olimpiya Hərəkatını təbliğ edir

Ölkə idmanının sürətlə inkişafı Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpiya dünyası”nın da qarşısında mühüm vəzifələr qoyur. Olimpnews.az saytının məlumatına görə, Nəşrə başladığı ilk gündən öz səhifələrində ölkə idmanı, Olimpiya Hərəkatı və Olimpiya ideyalarının təbliğinə geniş yer verən "Olimpiya dünyası” idman aləmində, xüsusilə də Azərbaycan idmanında cərəyan edən bütün yenilikləri oxuculara çatdırmağı özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində özünəməxsus mövqeyi olan "Olimpiya dünyası” qəzeti bu illər ərzində sevilən nəşrlərdən birinə çevrilib. Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin bu il 15 yaşı tamam olur. Qəzet 2001-ci il noyabrın ayının 27-də nəşrə başlayıb. Fəaliyyətə başladığı dövrdən etibarən onun qarşısında dayanan əsas məqsəd bu sahəyə hərtərəfli yanaşmaq, idman və Olimpiya Hərəkatını təbliğ etməkdir. Ötən müddət ərzində qəzetimiz öz səhifələrində dünyada və ölkədə baş verən mühüm idman hadisələrini, yeniliklərini müntəzəm işıqlandırıb. Həftədə 2 dəfə 6150 tirajla nəşr olunan "Olimpiya dünyası” 2006-cı ilin avqust ayından rəngli formatda çap edilir. 15 illik fəaliyyəti dövründə geniş oxucu kütləsi qazanan nəşrimiz təmsilçilərimizin çıxış etdikləri yarışlar, onların əldə etdikləri uğurlar barəsində operativ xəbərlərlə oxucularımızın görüşünə gəlir.

Təbii ki, idmanın inkişafının, kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyəti və səviyyəsindən asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü və tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı, ölkə idmanındakı yenilikləri də daim izləmək istəyir. Bu baxımdan, qəzetimizin əsas məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri, idmançıları və idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir. "Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyət onun bütün idman növlərini diqqətdə saxlamasıdır.

"Olimpiya dünyası” fəaliyyət göstərdiyi 15 il ərzində idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa nail olub. Əməkdaşlarımızın apardığı ənənəvi sorğularda ölkə idmanı və idmançılarımızın müxtəlif miqyaslı yarışlardakı çıxışları haqqında fikirləri öyrənilir. "Olimpiya dünyası” oxucuların idman haqqında biliklərini yoxlamaq və artırmaq məqsədilə tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil edir. Qəzetimizin əsas məqsədi idmanın inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda oxucularımıza hərtərəfli çatdırmaqdır.

Böyük məsuliyyət tələb edən qəzet işi kollektiv əməyin məhsuludur. Redaksiyamızda idmana və jurnalistikaya qəlbən bağlı mehriban və işgüzar yaradıcı kollektiv formalaşıb. "Olimpiya dünyası” qəzeti peşəkar kollektivi sayəsində oxucularına onları maraqlandıran yazılar təqdim edir. Başqa sözlə desək, idman, olimpizm, sağlam həyat tərzinin təbliği hər bir əməkdaşımıza böyük mənəvi zövq verir. Jurnalistikanın vacib sahələrindən biri olan idman jurnalistikasının inkişafında da qəzetimizin rolu böyükdür. Ötən illər ərzində "Olimpiya dünyası”nda onlarla gənc idman jurnalisti yetişib. Onlar ali məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm də idman jurnalistikasının sirlərinə yiyələnib və təcrübə əldə ediblər. Hazırda Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və digər ali məktəblərin tələbələri müqavilə əsasında qəzetimizdə fəaliyyət göstərir, bilik və bacarıqlarını artırırlar. Onların gələcəkdə idman sahəsini yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə malik idman jurnalistləri kimi yetişməsi üçün qəzetin kollektivi səy və bacarığını əsirgəmir. "Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar altında dərc olunan yazılar oxucularımızda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri, Olimpiya, Avropa və dünya çempionlarının şəxsi həyatları haqqında geniş və maraqlı müsahibələrlə tanış olmaq imkanı əldə edirlər. Müxtəlif mövzuları əhatə edən "Mütəxəssis rəyi”, "Sənətçi idman, idmançı sənət haqqında”, "Sağlamlıq resepti-idman”, "İdmançı ailəsi”, "İdmançı menyüsü”, "Ali məktəblərin idman həyatı”, "İdman klublarında”, "Bölgə idmanı”, "Küncdən zərbə”, "İdman ulduzları”, "Olimpiya dünyası”nda”, "Gənclər və idman”, "Qadın və idman”, "Musiqi və idman” və başqa bu kimi rubrikalarımız oxucular tərəfindən maraqla qarşılanır".

15 illik fəaliyyətimizin ən maraqlı və ən həyəcanlı anları Afina-2004, Pekin-2008, London-2012 Yay Olimpiya Oyunları, Sinqapur-2010, Nankin-2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları və I Avropa Oyunlarına təsadüf edib. Olimpiya Xartiyasına, Olimpiya prinsiplərinə, Olimpiya Hərəkatının Azərbaycanda genişlənməsinə xidmət edən "Olimpiya dünyası” qəzeti Olimpiya oyunlarının da aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərində "Olimpiya dünyası”nın işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda tarix yazan idmançılarımız ilk müsahibələrini məhz "Olimpiya dünyası”na veriblər. Qəzetimiz Olimpiya yığmamızın dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların olimpiadada iştirakından geniş şərhlər hazırlayıb. Atletlərimiz Afina, Pekin, London, Rio-de Janeyro və Sinqapur, Nankindən yaradılan canlı telefon bağlantıları materialların daha geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin yaradıb. Artıq Afina-2004, Pekin-2008, London 2012, Rio-2016, eləcə də Sinqapur-2010, Nankin-2014 Olimpiya Oyunları, I Avropa Oyunları tarixə çevrilib. Təmsilçilərimiz adıçəkilən yarışlarda parlaq qələbələri ilə idmanımızın növbəti şanlı səhifəsini yazıblar. Olimpiya həyəcanının oxucuların və tarixin yaddaşına köçməsində qəzetimizin xidmətinin olması bizi sevindirir.

Qəzetimiz müxtəlif beynəlxalq və yerli federasiyalar tərəfindən də mükafata və fəxri diploma layiq görülüb. Mətbu orqanımızın müxtəlif illərdə AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası tərəfindən dəfələrlə diplom və mükafatlarla təltif edilib.
"Olimpiya dünyası” qəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzetimiz bir sıra ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı olub. Kütləvi informasiya vasitələrinin nümayəndələri arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçün qəzetimizin təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir. 2003-cü ildə mətbuat nümayəndələri arasında təşkil edilən etdiyi "KİV-2003” futzal turnirində kütləvi informasiya vasitələrinin 14 komandası qüvvəsini sınayıb. "Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək üçün təşkil etdiyi yarış da böyük maraqla qarşılanıb. Nəşrimiz bölgələrdə də bir sıra tədbirlər həyata keçirib. "Olimpiya dünyası”nın Gəncədə təşkil etdiyi karate-do üzrə "Gəncə kuboku” beynəlxalq turniri belə tədbirlərdəndir.

2011-ci il oktyabrın 23-də "Olimpiya dünyası” qəzetinin təşkilatçılığı ilə jurnalistlərlə "Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib.

İdman mövzusunda karikaturalara maraq həmişə böyük olub. Dünyada idman çox inkişaf etdiyindən karikatura ustaları dəfələrlə bu mövzuya müraciət edir, öz ustalıqlarından istifadə edərək gözəl nümunələr yaradırlar. Ölkəmizdə də karikaturaçılar idman mövzusuna müraciət edirlər. "Olimpiya dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Nəşrimiz Olimpiya Hərəkatının təbliği üçün 2002-ci ildə təşkil etdiyi karikatura müsabiqəsinin hüdudlarını daha da genişləndirərək I Bakı Beynəlxalq Karikatura Müsabiqəsini yüksək səviyyədə keçirib. Bu müsabiqədə 25 ölkədən 70 rəssam bacarığını nümayiş etdirib.

2006-cı ildə qəzetimizin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Karikatura Müsabiqəsində isə bütün qitələri təmsil edən 40 ölkədən 163 rəssam 500 karikatura ilə iştirak edib. Qəzetimiz "Ən yaxşı idman fotoşəkli” və "Ən yaxşı idman yazısı” adlı müsabiqələri də təşkil edib.

2009-cu ilin oktyabr ayında "Olimpiya dünyası” qəzetinin Azərbaycan Ədalətli Oyunlar Komissiyası ilə birgə təşkil etdiyi "Ədalətli oyunlar” mövzusunda beynəlxalq karikatura müsabiqəsi də maraqlı tədbirlər sırasındadır.

"Olimpiya dünyası” qəzetinin 5 illik yubileyi ərəfəsində - 2006-cı ildə Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində tədbir keçirilib. Burada stolüstü tennis üzrə yarış təşkil olunmuş və bu yarışın qaliblərinə MOK tərəfindən diplomlar və idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də "Olimpiya dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə və daha əlli məhbus qadına hədiyyələr təqdim olunmuşdur. Tədbir zamanı Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Milli Olimpiya Komitəsi tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr və bu müəssisənin yeni açılmış trenajor zalına idman velosipedi verilmişdir.

Bu gün biz 15 illik fəaliyyətimizdən qürurla danışa bilərik. Tələbkar oxucuların zövqünü oxşamaq, onları maraqlandıran, narahat edən məsələlərdən söz açmaq, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanı kimi qazanılan etimadı qoruyub saxlamağa çalışırıq.