Noyabrın 24-dən 26-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə yekun vurulub.
"Olimpnews.az" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən və sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən çox ölkədən 700-ə yaxın güləşçi qüvvəsini sınayıb. Azərbaycan pəhləvanları turniri 17 (7 qızıl, 3 gümüş və 7 bürünc) medalla başa vurublar.
Noyabrın 24-də Dünya Güləş Birliyinin, Beynəlxalq Güləş Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, əklil və gül dəstələri qoyublar.
Həmin gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Dünya Güləş Birliyinin vitse-prezidenti Axrolcan Ruziyev yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev pəhləvanlarımızın Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal əldə etməklə güləş tariximizdə yeni səhifə yazdıqlarını xatırladıb. Qarşıda güləşçilərimizi qitə və dünya çempionatları, IV İslam Həmrəyliyi Oyunları gözlədiyini deyən Namiq Əliyev çempionatda iştirak edən idmançılara uğurlar arzulayaraq yarışı açıq elan edib.
Turnirin ilk günündə sərbəst güləş üzrə yığmanın baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında idmançılarımız mübarizə aparıblar. Yığmamız günü 7 medalla (3 qızıl, 1 gümüş və 3 bürünc) başa vurub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüb.
Yarışın ikinci günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz turnirdə 1 gümüş və 2 bürünc medal qazanıblar. Semyon Çterevin yetirmələrindən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq güləşçimiz final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşləri uduzaraq beşinci yerdə qərarlaşıblar.
Son yarış günündə isə baş məşqçi əvəzi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə yığmamızın üzvləri döşək üzərinə çıxıblar. Güləşçilərimiz 7 (4 qızıl, 1 gümüş və 2 bürünc) medala sahib olublar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.
Səadət Hakıyeva