Niko Rosberq dünya çempionu tituluna layiq görülüb

Niko Rosberq dünya çempionu tituluna layiq görülüb



Noyabrın 27-də "Formula-1” üzrə dünya çempionatının 2016-cı il mövsümünün Əbu-Dabi Qran-prisinə yekun vurulub.

Mötəbər turnirin Əbu-Dabidəki "Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 12 komanda mübarizə aparıb. Döngələrin sayı 21 olan şosedə komandalar 55 dövrə vurublar.
Uzunluğu 5554 metr olan şosedə keçirilən final mərhələsində "Mercedes”in pilotları Luis Hamilton və Niko Rosberq ilk iki pillədə qərarlaşıblar. "Ferrari”nin sürücüsü Sebastian Fettel isə üçüncü olub.
Yekun sıralamada hesabında 385 xal olan Niko Rosberq ən yaxın izləyicisi olan komanda yoldaşı Luis Hamiltonu 5 xal qabaqlayaraq dünya çempionu olub. Luis Hamilton mundialı ikinci, "Red Bul Racing”in pilotu Daniel Rikkardo isə üçüncü pillədə başa vurub.

Xatırladaq ki, "Formula-1” üzrə ən çox çempion adını "Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.